Bakıda səhər saatlarında yol və meteoroloji vəziyyətin nəzərə alınmaması səbəbindən iki yol qəzası baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, yol qəzaları çüzi maddi zərərlə nəticələnib.
V.Əsədov bildirib ki, mövcud meteoroloji vəziyyətlə bağlı paytaxtın bəzi yollarında sıxlıq yaşanır. Belə ki, hazırda Babək prospekti, Afiəddin Cəlilov küçəsi, Bakı-Sumqayıt yolundan Tbilisi prospekti istiqamətinə, Koroğlu Rəhimov, Yusif Səfərov küçələri, Koroğlu metrosununun yanından köməkçi yolla şəhər istiqaməti və digər yollarda sıxlıq yaşanır.
Bakı yol polisi bildirir ki, hava şəraiti ilə bağlı işıqforla işləmədiyi halda sürücüləri yol nişanlarına uyğun hərəkət etməlidir.
Qeyd edək ki, Bakı yol polisi bazar günü gecədən paytaxtda çiskinli və yağmurlu hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.
Bildirilib ki, yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.
Xatırladaq ki, Azərbaycan sinoptikləri noyabrın 5-ə qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıb.