İşğaldan azad olunmuş ərazilərdə 6 mühafizə olunan ərazi - Laçın, Qubadlı, Arazlı və Daşaltı yasaqlığımız var.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərə böyük ziyan dəyib: "Dəymiş ziyan hesablanılır. Bəsitçayla bağlı monitorinq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə monitorinqlər mütəmadi olaraq davam edilir".
Vüqar Kərimov deyib ki, Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalar və təşkilatlara müraciətlər olunub: "Lakin heç bir reaksiya yoxdur. Dünyanın hansısa ölkəsində heyvana zərər vurulursa, bununla bağlı cəld reaksiya verilir. Lakin 30 ilə yaxındır bununla bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik. Bir sıra beynəlxalq təşkilatlardan reaksiyalar ala bilirik".