8 İyun 2021 11:58
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa haqqında çox oxumuşdum, bilirdim, ona görə də can atırdım getməyə. Amma imkan olmurdu. 1986-cı ildə, nəhayət ki, uyğun vaxt kəsimi oldu. Bir həftə boş idim, dedim necə olsa gedəcəyəm. Fuad adlı rəssam dostuma zəng etdim ki, vaxtın varmı Şuşaya gedək? O da fikirləşdi, dedi ki, gedək. Beləcə ilk dəfə Şuşaya səfər etdik”.

Mən də ilk dəfə idi ki, Azərbaycanın əməkdar rəssamı, Cümhuriyyətimizin və onun qurucusunun yadigarı Rais Rəsulzadənin emalatxanasına gedirdim.

Rəsm toplama həvəskarı Rəşad Cəfərovun israrı ilə Rais bəydən randevü aldıq və iyunun 7-də oraya yollandıq. Bizi olduqca səmimi qarşılayan Rais bəy otaqlarda yerləşən rəsm əsərləri ilə tanış etdi. Doğrusu, rəssamlıqla bağlı biliklərim olduqca az olduğu üçün sadəcə heyranlıqla tamaşa edir, Rais bəyin söylədiklərini dinləyirdim. Mənim üçün xüsusilə maraqlı olan Rais bəyin həyat yoldaşı Leyla xanımın və qızı Humay xanımın portretləri oldu. Eləcə də atası Azər bəyin çəkdiyi avtoportret də tarixi dəyəri yüksək olan əsərlərdəndi. Rais bəy Azər Rəsulzadəyə aid bir neçə əsəri saxladığını qeyd etdi.

Rais bəyin əsərlərinin bir qismi ABŞ-dadır. Cümhuriyyətin 100-cü ildönümündə orada sərgisi təşkil olunmuşdu. Eləcə də Türkiyədə sərgisi keçirilib. Hazırda isə Bakıda da bir neçə sərgi nəzərdə tutulub. Pandemiya bitdikdən sonra bu tədbirlər həyata keçəcək.

Əsərlərə baxarkən arxasında “Şuşa” yazılmış rəsm diqqətimi çəkdi. 28 ildən sonra müzəffər ordumuz tərəfindən azad olunan Şuşanın rəsmi indi daha qiymətli görünürdü. Əvvəlcə əsərin yeni çəkildiyini zənn etdim, amma məlum oldu ki, bu əsər Rais bəyin Şuşaya ilk və son səfərindən sonra çəkilib.

Rais bəy söhbətinə belə davam etdi:

“O vaxtı belə idi ki, əvvəlcə Xankəndinə gəlirdin, sonra avtobusla Şuşaya qalxırdın. Qəşəng, mənzərəli yolla. Xankəndinə çatanda oranı gəzməyə başladıq və təəccübləndik. Baxdıq ki, hər yerdə erməni və rus dilində yazılıb. Polisi çağırıb soruşdum ki, bu nədir? Bura Azərbaycandır, yoxsa Ermənistan?... Çiyinlərini çəkdi, getdi. Avtobus saat 5-də gəldi, saat 6-da Şuşaya çatdıq, mehmanxanaya getdik. Səhəri Şuşanı gəzməyə başladıq. Həqiqətən də, cənnət idi, təsəvvür edin ki, yolla gedirsən, sanki buludlar ayağının altını yalayır. Daşaltını, Cıdır düzünü gəzdik, Bülbülün evinə getdik, Natəvanın, Üzeyir bəyin ev muzeyini gəzdik. O qədər xoş təəssüratla qayıtmışdım ki, dedim, mütləq bunu işləməliyəm. Sıldırım qayalar çox əzəmətli idi. 1987-də gördüyünüz bu Şuşa rəsmini çəkdim. Bir il sonra isə hadisələr başladı. Bununla da mənim Şuşaya ilk və son səfərim oldu”.

Ağlımdan bu rəsmin taleyi keçdi. Rəsulzadə ailəsinin nümayəndəsinin çəkdiyi rəsm əsərinin dəyəri ölçüyəgəlməzdir. Rais bəy rəsmi dəfələrlə istədiklərini, amma vermədiyini qeyd etdi. İlk və son səfərində Rais bəy Şuşada şəkil çəkdirmişdimi?

“Cıdır düzündə çəmənlikdə güllərin arasında mənim şəkillərim var, amma Şuşa uğrunda gənclərimiz şəhid oldu, yaralandı, ona görə də paylaşmağı uyğun bilmədim”.

Şuşa indi azaddır. Ümid edirəm ki, Rais bəy 35 ildən sonra təkrar Şuşaya gedəcək və yeni Şuşa mənzərəsini yaradacaqdır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər