Kütləvi informasiya vasitələrində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun 10 milyon manat dəyərində əmlakının oğurlanması haqqında məlumatlar yayılıb.
Teleqraf.com məsələni aydınlaşdırmaq üçün rayonun deputatı Aydın Hüseynov ilə əlaqə saxlayıb.
Millət vəkili yayılan məlumatların həqiqəti əks etdirmədiyni bildirib: “Hesab edirəm ki, bunların hamısı şayiədir. Qaradağ rayonu böyük sənaye rayonudur, orada işlərimiz yaxşı gedir, Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt azad iqtisadi zonası kimi böyük iqtisadi layihələr həyata keçirilir. İcra başçısının adı oğurlanma ilə bağlı hallanır, amma rəsmi fakt yoxdur. Hesab edirəm ki, həqiqət, siyasi-ictimai xarakter kəsb etməyən məlumatların yayılması doğru deyil”.
Aydın Hüseynovun fikrincə, şayiələr şəxsi qərəz zəminində də yayılmış ola bilər: “Burada şəxsi münasibət olaraq kimsə fikir səsləndirə bilər. Eyni fikir çox səslənəndə, beyində həqiqət olaraq həkk olunur. Qaradağ rayon başçısının sürücüsünün onun vəsaiti ilə bağlı hər hansı addım atması ilə bağlı məndə məlumat yoxdur. Süleyman Mikayılov işə çıxır, şənbə günü onunla əlaqə saxlamışam. Rayonumuzda heç bir pis hadisə baş verməyib. Belə halların baş verəcəyinə inanmıram. Ölkə prezidentinin tapşırıqlarını yerinə yetirmək hər birimizin vəzifə borcudur. Vəzifəsini icra edə bilməyən insanlar vəzifəsindən uzaqlaşdırılır. Digər hərəkətlərə yol verənlər isə qanun tələbi ilə məsuliyyətə cəlb edilir. Qanun hər şeydən alidir və biz də ona əməl etməliyik”.
Qeyd edək ki, Musavat.com-un yazdığına görə, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.
Qaradağ Rayon İcra Hakimiyyəti isə iddiaları təkzib edib.