Pandemiya başlayan gündən indiyədək dünyada 175 milyondan çox insan COVID-19 virusuna yoluxub. 4 milyon insan dünyasını dəyişib, 158 milyon insan isə sağalıb.
Teleqraf.com xəbər verir ki, bir çox ölkələrdə karantin qaydaları yumşaldılsa da, bəzilərində hələ də maska taxmaq məcburiyyəti qüvvədədir.
ABŞ – yoluxma sayı azalıb, vaksin olunanların sayı artsa da, burada koronovirusla mübarizə sərt şəkildə davam etməkdədir. Belə ki, ölkədə yalnız hər iki doz vaksin vurduranlar açıq havada maskasız gəzə bilərlər. İdman oyunları, gözəllik salonları, alış-veriş mərkəzləri, ibadət yerləri və muzeylərdə maska taxmaq məcburiyyəti qalmaqdadır.
Avstraliya – hava limanları və təyyarələr xaric kütləvilik olan açıq məkanlarda maskasız gəzməyə icazə var.
Yeni Zenlandiya - ictimai nəqliyyyatda maska taxmaq məcburidir. Taksilərdə isə sürücü mütləq maska taxmalıdır, sərnişinlərin isə belə bir məcburiyyəti yoxdur.
Almaniya – burada yanvar ayından etibarən karantin rejimi sərtləşdirilib. Mağaza, gözəllik salonu və ofislərdə maska taxmaq məcburidir. Lakin yoluxma sayı azaldığı üçün, açıq havada maskasız gəzmək sərbəstdir.
Belçika – paytaxt Brüsseldə açıq havada maskasız gəzməyə icazə var.
İsveçrə - digər ölkələrdən fərqli olaraq burada məktəblər, bağçalar, restoranlar, gözəllik salonları, ictimai nəqliyyat pandemiya müddətində fəaliyyət göstərdi və əhalinin kütləvi immunitet qazanması siyasətindən istifadə olundu. Hazırda ölkədə maska taxmaq məcburi deyil.
Rusiya – gigiyenik qaydalara əməl etmək məcburidir, açıq havada isə maskasız gəzməyə icazə var.
İsrail - burada COVID-19-la mübarizədə həyat normala qayıtmağa başlayıb. Ən çox vaksin vurulan ölkələr siyahısında olsalar da, qapalı məkanlarda maska taxmaq məcburiyyəti qüvvədədir. Açıq havada isə maskasız gəzməyə icazə var.