13 İyun 2021 14:13
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

“1926-cı ilin dekabr ayının əvvəlləri idi. 11 illik sürgün və həbsxana yoldaşım Kərbəlayi Vəli Mikayılzadə ilə birlikdə Moskvanın şimal-şərqində yerləşən Yaroslavl şəhərində ilk sürgün həyatımızı yaşayırdıq.

1920-ci ilin aprelindən bəri Müsavat firqəsinin rəhbərliyi altında davam edən yeraltı istiqlal mücadiləsinə qatıldığımız üçün 1923-cü ilin 15 iyununda və 5 oktyabrında ilk dəfə həbs edildik, 11 ay ÇeKada yatdıqdan və müxtəlif işgəncələrə məruz qaldıqdan sonra üç il müddətinə sürgünə məhkum edilmişdik”.

Əbdülvahab Məhəmmədzadənin işgəncədə və sürgündə keçən həyat hekayəsindən bəhs edən “Azərbaycan istiqlal savaşından səhnələr” adlı memuarı bu cümlələrlə başlayır.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra gizli şəkildə təşkilatlanmağa başlayan istiqlal hərəkatının üzvlərindən Əbdülvahab bəy 1898-ci ildə Bakıda doğulub. 1911-ci ildə III Aleksandr gimnaziyasına daxil olub, bu məktəbdə rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. 1916-cı ildə “Məhəmmədiyyə” təşkilatına daxil olaraq ictimai-siyasi fəaliyyətə başlayıb. Daha sonra Müsavatın gənclər qoluna daxil olan Əbdülvahab burada Mirzəbala Məhəmmədzadə, Piri Mürsəlzadə, Cəfər Cabbarlı, Kərbəlayı Vəli Mikayılzadə kimi şəxslərlə bərabər mücadilə aparıb. Bu gənclər Azərbaycan Cümhuriyyəti işğal edildikdən bir-iki gün sonra Milli Müqavimət hərəkatının gizli komitəsini yaradıblar, “İstiqlal” qəzetini dərc ediblər. Gizli komitənin sədri Mirzəbala Məhəmmədzadə, sədr müavini Əbdülvahab Yurdsevər, ümumi katibi isə Cəfər Cabbarlı olub. Lakin çox keçmədən gizli mətbəənin yeri aşkarlanıb, ələ keçən sənədlərə əsasən komitə üzvlərinin kimliyi bilinib.

Əbdülvahab Məhəmmədzadə özünün də yazdığı kimi 1923-cü il iyunun 15-də həbs edilib, sürgünə göndərilib.

Mühacirətdə ikən “Azərbaycan” jurnalında yazdığı bu xatirələrdə təsvir etdiyi bolşevik zindanında məhkumlara verilən zülmlər dövrün mənzərəsini işıqlandırmaq baxımından olduqca əhəmiyyətlidir.

58-ci maddə

Ə.Məhəmmədzadənin yazdığına görə, ÇeKa müstəntiqlərinin ən sevdiyi maddə Sovet Cəza Qanununun 58-ci maddəsi idi. Çünki bu maddə əsasında istənilən adamı istənilən suçla ittiham etmək mümkündü. 1923-cü ildə həbs edilərkən ÇeKa müstəntiqlərindən Oşukin onlara 58-ci maddə ilə istəsələr edam edə biləcəklərini, sürgünə yollayacaqlarını, əmək düşərgələrinə göndərəcəklərini, hətta lazım gəlsə azad edə biləcəklərini söyləyib. Məhəmmədzadəyə görə, 27 aprel işğalından sonra Azərbaycanda siyasilərin, ziyalıların qətli, sürgün edilməsi, ölkədə terror rejiminin hökm sürməsi ilə 3 şöbə məşğul olurdu: “Osobıy Otdel” (Xüsusi şöbə), MorçeKa (Dəniz ÇeKası) və AzÇeKa. Bunlar istədikləri şəxsi qətlə yetirir, istədiklərini sürgün edirdilər. Bu işdə yerli kommunistlər də önəmli rol oynayırdılar. Məsələn, tanınmış müsavatçı, jurnalist

Piri Mürsəlzadə kommunist Həbib Cəbiyev tərəfindən həbs olunub edam etdirilmişdi. Məhəmmədzadə Azərbaycan Parlamenti üzvlərindən Cavad Məlikyeqanovun 9 dəfə həbs edildiyinə şəxsən şahid olduğunu yazıb.

Qəribədir ki, Azərbaycan gənclərinin öldürülməsində Hacı İlyas adlı saxta bir şəxsin böyük rolu olub. Əbdülvahabın yazdığına görə, bu şəxs eyni adı daşıyan Dağıstan kommunistlərinin birinin cəsədi üzərindəki partiya vəsiqələrini oğurlayaraq onun yerinə keçmişdi.

Haşiyə çıxaraq qeyd edək ki, Hacı İlyasın cinayətləri haqqında mühacirətdə “Azərbaycan” (Münhen) jurnalında Rza Tağı imzası ilə bir məqalə də dərc olunub. Həmin yazıda Hacı İlyasın törətdiyi dəhşətlər geniş şəkildə izah olunub: “...Hacı İlyasın Bakıya gəlişi istər xalqı, istərsə kommunistlərlə xalq komissarlarını böyük bir qorxuya saldı. Bu adam 5-10 yardımçısı ilə birlikdə evlərə hücum edir, qiymətli şeyləri alıb-götürür və həbs etdiyi adamları məhkəmə önünə çıxarmadan öldürürdü”. Rza Tağının yazdığına görə, nəhayət, Moskvada olan Azərbaycan xalq komissarları işə müdaxilə ediblər: “Moskva rəisləri heyrətlər içində qaldı. Heç kim Hacı İlyas adında bir kimsəni tanımırdı. İlyasın tutulması üçün əmrlər verildi. Bakıya dönən komissarlar təslim olmaq istəməyən Hacı İlyası zor işlətməklə yaxalayıb əlini-ayağını bağladıqdan sonra evində bir axtarış apardılar. Otağındakı kasada öldürdüyü adamların ağızlarından sökdüyü qızıl dişlər, barmaqlardan qopardığı almaz üzüklər, zinət qızılları və bir çox cəvahirat ələ keçdi. Aparılan təhqiqat nəticəsində qarışıqlığı fürsət bilərək başına topladığı adamlarla quldurluq edən Hacı İlyasın odessalı bir tələbə olduğu anlaşıldı. Azərbaycanlılara böyük zülmlər etmiş olan bu quldur 3 gün həbs edildikdən sonra edam edildi. Bakılılar Hacı İlyasın 5 ilə 10 minə qədər adam öldürdüyünü söyləyirlər”.

Əbdühvahab Məhəmmədzadə və dostları məhz belə bir xaosun, cinayətin hökm sürdüyü bir mühitdə gizli şəkildə istiqlal mübarizəsinə başlamışdılar. Ona görə də xatirələrində yazırdı: “Kommunizm boyunduruğu altında olan məmləkətlərdən hansına baxsanız, orada bir sürü Hacı İlyaslara və Mircəfər Bağırovlara rast gələrsiniz. Bağırovun Azərbaycanda törətdiyi qətliamlar Hacı İlyasın vəhşətlərini kölgədə qoyur”.

İşgəncə növləri

Ə.Yurdsevərin xatirələrində insanı ən çox dəhşətə gətirən hadisələr çekistlərin verdiyi işgəncələrin növləridir. Kürdəmirdə baş verən üsyanın rəhbərlərindən birinin öldürülməsindən bu şəkildə bəhs edib: “... Sizi soyundurur, dəmir çubuqlarla çılpaq vücudunuza vurmağa başlayırlar. Bəzi kimsələrin vücudunu bu tərzdə yara içində buraxdıqdan sonra ağrı və sızıltılarını daha çox artırmaq məqsədiylə onları duzlu su ilə dolu boçkaya salırlar. 1923-cü il Kürdəmir üsyanının rəhbərlərindən İsa bəyə bu tərzdə işgəncə etdikləri üçün polad kimi bir vücuda sahib olan boylu-buxunlu və aslanabənzər insan bir həftə sonra bir dəri, bir sümük halına gələrək çökmüş və tezliklə ölmüşdü”.

Çekistlərin ən qəribə üsullarından biri həbs edilən azərbaycanlıları liderlərin şəkilləri ilə sınamaları olub: “Təqsirləndirilənin daxili hisslərini yoxlamaq üçün onun sevdiyi və

tapındığı bəzi tanınmış və sevilmiş keçmiş Azərbaycan rəhbərlərinin rəsmlərini dindirilmə otağında asardılar. Məsələn, gənc müsavatçılar haqqında təhqiqat aparan ÇeKa ittihamçılarının başlarının üstündə bəzən Məhəmmədəmin Rəsulzadə bəyin və ya Nəsib bəy Yusifbəylinin rəsmləri asılırdı. Dindirilmə əsnasında çekistlər bu rəsmlərə baxan və ya gözləri ilişən təqsirləndirilənin simasında yaranan dəyişiklikləri gizli-gizli təqib edərdilər. Bu üz dəyişiklikləri çekistlərə ittihamlarında israr etmək üçün qüvvətli bir vəsilə verməkdədir”.

Ə.Məhəmmədzadənin xatirələrindən bir sıra müsavatçı, ittihadçılarla yanaşı qaçaqların, xalq arasında sevilən şəxslərin də aldadılaraq həbs olunması barədə bilgilər var. 1918-ci ildə Qafqaz İslam Ordusuna kömək etdiyinə görə Həsən çavuş namını qazanan şəxsin 1925-1926-cı illərdə sülh adı ilə aldadılaraq gətirilməsi və barışıq zamanı silahları masaya buraxdıqdan sonra çekist Şabanov tərəfindən gizli kiçik tapança ilə öldürülməsindən bəhs edib. Bu planın Bağırovun qurduğunu da qeyd edib.

Mühacirətdə yazdığı “Bağırovun edamı” adlı məqaləsində Əbdülvahab bəy onunla bağlı da bir xatirəsindən bəhs edib: “1923-cü ilin 5 oktyabrında Müsavat Partiyasına aid gizli mətbəə aşkar edilərkən Bağırov çekistləri və partiya üzvlərini səfərbər edərək sanki şəhərdə üsyan qaldırılacaqmış kimi, küçələrin başına çekaya bağlı olan qızıl əsgər və polislər yerləşdirmişdi. Yarı sərxoş və təlaşlı bir halda çekanın mərkəzi binasına gələrək mətbəədə yaxalanan gənc müsavatçıları və sonra da məni şəxsən sorğuya çəkmişdi. Əlində tapança ilə üstümə cumaraq mətbəədə tapılan “İstiqlal” qəzetini kimlərin vasitəsilə çap etdiyimi və dostlarımın kimlər olduğunu bar-bar bağıraraq və ən pis söyüşlər yağdıraraq öyrənmək istəyirdi. Nə mətbəədən, nə də qəzetdən heç bir xəbərimin olmadığını söyləyincə, tapançasını ağzıma dayadı. Fəqət daha öncə aldığı təlimata uyğun olaraq, yanındakı gənc bir yəhudi tez qaçaraq Bağırovu bir kənara çəkdi və özü əlindəki əsa ilə başıma vurmağa başladı. Sonra yenə Bağırov gələrək məni şillələməyə və yerə yıxaraq təpikləməyə başladı”.

1926-cı ildə Əbdülvahab sürgündən Bakıya qayıtsa da, yenidən həbs edilib, 11 il məhkumluq cəzası verilərək Mərkəzi Rusiyaya göndərilib. Bir müddət Moskvada saxlanıldıqdan sonra Yaroslavl şəhərinə, daha sonra Saratova aparılıb. Xatirələrində Rusiya həbsxanalarında gördüyü işgəncələri olduğu kimi yazıb...

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər