Bir illik fasilədən sonra bu il orta məktəblərdə təntənəli şəkildə "Son zəng" çalınır. Son zəng məzunların həyəcanla yeni dövrə addım atdıqları ilk mərhələdir.
Teleqraf.com-un əməkdaşları Bakı şəhərində yerləşən Şuşa 1 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng"də olublar.
190 illik tarixi olan Şuşa məktəbi 1992-ci ildən etibarən fəaliyyətini Bakıda davam etdirib. Tədbir başlamazdan əvvəl məktəbin direktoru Gülnar Qurbanova ilə həmsöhbət olduq.
Həm də məzun anası olan məktəb direktoru bu gün ikiqat sevincli olduğunu bildirdi: “Bu il bir 11-ci sinifimiz məzun olur. Məzun günü ilə bağlı xəbər gələndə çaşqınlıq yarandı. Əvvəllər son zəng üçün bir il ərzində xüsusi hazırlıqlar aparılırdı. Təəssüf ki, ötən ilin məzunlarının xatirəsində heç nə qalmadı”.
Gülnar Qurbanova deyir ki, məktəb kollektivi gələn il son zəngi Şuşada keçirmək üçün səbrsizlənir: “İkinci Qarabağ müharibəsində müəllimlər əllərindən gələni etdilər. Şuşanın işğaldan azad olunması bizim məktəbimizdə böyük sevinclə qarşılandı. Hər birimiz, hətta şagirdlərimiz də Şuşaya getməyə hazırlaşırlar. İnşallah məktəbimizin 190 illiyini Şuşada təntənəli şəkildə qeyd edəcəyik”.
Diqqətimizi çəkən isə siniflərə Qarabağ müharibəsi şəhidlərinin adlarının verilməsi oldu. Dəhlizdə İkinci Qarabağ müharibəsində, Şuşa döyüşlərində iştirak edən məktəb məzunlarının fotolarından ibarət hazırlanmış tablo yer alır.
Şuşa döyüşlərində şəhid olan 3A sinfinin şagirdi İsmayıl Abuşovun valideyninin adı da onu oxuduğu sinifə verilib.
Məktəbin müəllimi Təranə Mənzurova da təəssüratlarını bizimlə bölüşdü: “Hər il arzu edirdik ki, gələn il son zəngi Şuşada qeyd edərik. Bu il son zəngi tamamilə fərqli hisslərlə qeyd edirik. 27 il, uzun müddətdən sonra arzularımıza çatmışıq”.
Sinif rəhbəri Aidə Süleymanova isə məzunlardan daha həyəcanlı görünürdü: “6-cı sinifdən başladığımız marafonun finişinə çatmışıq. Bağlandığımız uşaqlardan ayrılırıq. Arzularına çatmaq üçün qədəm atdıqlarına görə fərəh hissi keçiririk. Həm valideynlərin, həm valideynlərinin, doğma Şuşa məktəbinin etimadını doğruldacaqlar. Müəllimin ən böyük arzusu şagirdlərinin xoş sorağını eşitməkdir”.
Məzunlardan Ayla Qurbanlı və Nihat İlyaslı da bizimlə həmsöhbət oldular: “Həm sevincli, həm kədərliyik. Digər illərin məzunları ilə müqayisədə biz iki il məktəbdən ayrı düşmüşdük. Ancaq nəhayət ki, məktəbimizə qovuşduq, müəllimlərimizi son dəfə də olsa gördük. Çox şükür ki, bizə də son zəngi keçirmək qismət oldu”.
Tədbirin sonunda məzunlar birincilərlə bir-birlərini təbrik edərək, birlikdə rəqs etdilər. “Son zəng”in çalınması ilə tədbir başa çatdı...