Müharibədə qolumuz itirmişəm, amma yenə də döyüşməyə hazıram.
Teleqraf.com xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Siruz İsmayılov deyib.
S.İsmayılov Azərbaycanın Zəfəri ilə başa çatan müharibədə sol qolunu itirməklə bədəninin müxtəlif yerlərindən qəlpə və güllə yarası alıb. O, hərbiyə ali təhsil ocağından yönəlib. Hələ Vətən Müharibəsi başlamamışdan öncə ixtisasca tarix müəllimi olan qəhrəmanımız ordu sıralarında xidmətə qəbul edilib. Leytenant hərbi rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb.
Qarabağ Qazisi ilk öncə Ağdam, daha sonra isə Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. Yaralandıqdan sonra 19 gün komada qalıb, lakin həkimlərin səyi nəticəsində həyata qayıdıb.
Siruz İsmayılov dövlət qayğısından da razıdır:
“Yaralanandan sonra həkimlərin çox isti münasibətini gördüm. Məni çətinliklə həyata qaytardılar. Sonrakı dövrlərdə də həmişə dövlətin xüsusi diqqətini hiss edirəm. Dövlətimiz Qazilərə böyük önəm verir, biz hərtərəfli qayğı ilə əhatə olunmuşuq. YAŞAT Fondu kredit borcumu ödəyib. Prezidentin sərəncamı ilə kompensasiya da almışam. Bütün bunlara görə dövlətimizin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.