Qubada Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilir.
Teleqraf.com xəbər verir ki, Quba şəhərinin Yusif Qasımov küçəsində Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə parkın inşasına başlanılıb. Yeni salınan park, 28 May parkının yaxınlığında, 2000 kvadratmetrə yaxın ərazini əhatə edəcək. Parkda abidə kompleksi və erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirə lövhələri yaradılacaq. Parkda yeni yaşıllıq zolaqları salınacaq, söhbətgahlar quraşdırılacaq və müasir işıqlandırma sistemi qurulacaq. Layihələndirmə işlərinə peşəkar memar və dizaynerlər cəlb olunub. Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan parkın 22 iyul Milli Mətbuatımızın yaranması günü istifadəyə verilməsi nəzərdə tutulur.