19 İyun 2021 18:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü və “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova Almaniyanın Berlin şəhərində baş tutan “Yaşıl Texnologiyalar” Festivalı (Greentech Festival) çərçivəsində keçirilən “Yaşıl Mükafatlar” (Green Awards) müsabiqəsinin “Gənc” (Youngster) kateqoriyasında qalib olub.

Teleqraf.com xəbər verir ki, bunu mətbuata açıqlamasında “Davam" Gənclər Hərəkatının media və PR məsələləri üzrə katibi Lumu İsrəfilli bildirib.

Lumu İsrəfilli bildirib ki, münsiflər müsabiqənin ilkin mərhələsində dünya üzrə 6 gənc seçiblər. Onlardan biri də Reyhan Camalova olub. Daha sonra müsabiqənin 3 finalçısını müəyyən etmək üçün 6 nəfər arasında ictimai onlayn səsvermə keçirilib. Bu onlayn səsvermə prosesində “Davam” Gənclər Hərəkatı Reyhan Camalovanın final mərhələdə təmsil olunması üçün davamçı gənclərin dəstəyi ilə xüsusi kampaniya başladıb və nəticədə Reyhan Camalova ictimai onlayn səsvermənin nəticələrinə görə 3 finalçıdan biri olub.

Yarışmanın final mərhələsində Azərbaycan, Almaniya və İndoneziya təmsilçisi iştirak edib. Bu qlobal müsabiqənin final mərhələsində beynəlxalq jüri tərəfindən məxfi səsvermə nəticəsində Reyhan Camalova qalib seçilib.

“Davam” sözçüsü əlavə edib ki, Azərbaycan bu müsabiqədə ilk dəfədir ki, təmsil olunur və Reyhan Camalovanın uğurlu təmsilçiliyi nəticəsində qalib gəlir. O, Reyhan Camalovanın həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görüldüyünü də xüsusi vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər