Azərbaycan atçıları ölkədə at yarışlarının bərpa olunması üçün yenidən Prezident İlham Əliyevə və Respublika Atçılıq Federasiyasının rəhbəri Elçin Quliyevə müraciət ediblər.
Atçılar bildirirlər ki, əsas problem ölkədə atçılıq yarışlarının keçirilməməsi və onların Binədəki atçılıq mərkəzinə buraxılmamasıdır.
"Hörmətli cənab Prezdentimiz, sizin təşəbbüsünüzlə milli sərvətimiz olan Qarabağ Dilboz atlarımızın yaşaması, sayının artması üçün işğaldan azad olunmuş Ağdamın Eyvazxanbəyli kəndində ücüncü atçılıq zavodunun tikilməsi nəzərdə tutulub. Amma Respublika Atçılıq Federasiyası 25 dekabr 2020-ci ildən biz atçıları təmir adı ilə Binə ippodromundan kənarlaşdırıblar. Bakı Dövlət Cıdır Meydanını bərbad hala salıblar. “Cıdır zolağının” ətrafına 10 minə yaxın yolka ağacları əkiblər ki, bu da yarış meydançasının standartdan kənarlaşmasına gətirib çıxarıb. Atçılıq Federasiyasının bizi Binə ippodromuna buraxmamasının səbəbini hələ də anlaya bilmirik".
Atçılar onu da qeyd edirlər ki, hazırda dünyanın hər yerində cıdır yarışları keçirilsə də, Azərbaycanda iki ildir ki, bu yarışlar keçirilmir: "Binə ippodromunda iki həftədən bir Belçika, Fransa, Hollandiya və alman atlarının iştirakı ilə konkur yarışlar keçirilir, amma milli sərvətimiz olan Qarabağ Dilboz atları ora buraxılmır. Azərbaycan atçıları olaraq ümid yerimiz sizsiniz. İnanırıq ki, bizim haqlarımızın qorunması üçün müvafiq gösterişlər verəcəksiniz". Ölkədə atçılıq idman sahəsində yaranmış durumu özündə əks etdirən video çəkilişi sizə təqdim edirik.