24 İyun 2021 10:33
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayı azalmaya doğru gedir, sağalanların sayı yoluxanların sayını nisbət etibarı ilə bir neçə dəfə üstələyir. Ölüm halları minimum səviyyəyə enib, sevindirici haldır ki, bəzi günlərdə ölüm qeydə alınmır. Bu gün ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxş səviyyədədir”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, müsbətə doğru dəyişikliyə Prezident İlham Əliyevin pandemiyanın ilk günlərindən həyata keçirdiyi hərtərəfli qabaqlayıcı tədbirlərin nəticəsində nail olunub: “Ölkə başçısının göstərişinə əsasən, koronavirus təhlükəsinin azaldılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bir sıra dövlət xəstəxanaları koronavirus xəstələrinin müalicəsi üçün səfərbər edildi. Müasir tipli xəstəxana vaxtından əvvəl istifadəyə verildi. Çox qısa bir müddətdə Bakı və bölgələr də daxil olmaqla modul tipli xəstəxanalar tikildi.

Cənab Prezidentin şəxsi nüfuzu sayəsində yoluxanların pik vaxtlarında Türkiyədən, Rusiyadan, Kubadan yüksək ixtisaslı həkim və tibb heyəti Azərbaycana dəvət edildi. Bütün dünyada tibbi maskaların və tibb ləvazimatlarının çatışmadığı vaxtlarda Azərbaycanda tibbi maska və xüsusi geyim istehsal edən müəssisələr yaradıldı.

Pandemiya səbəbindən is yerlərini itirmiş muzdla çalışan vətəndaşlarımıza hər ay 190 manat birdəfəlik ödənişlər edildi. Pandemiyadan ziyan çəkmiş sahibkarlara dövlət büdcəsindən 2,5 milyarddan çox ABŞ dolları həcmində vəsait ayrılmışdı. Ölkə rəhbərliyi tərəfindən vətəndaşlarımızın sağlamlığı və rifahı naminə bütün zəruri addımlar atılmışdı. Bu gün hər birimiz bunun müsbət nəticəsini görürük”.

Kamilə Əliyeva deyir ki, koronavirusa qarşı peyvənd hazırlanıb istehsala başlandıqdan sonra bütün dünyada yeni bir qlobal problem ortaya çıxdı: “Dünya əhalisi arasında vaksin çatışmazlığı problemi yarandı. Bəzi böyük və inkişaf etmiş ölkələr öz əhalisinin sayından çox vaksin sifariş verib aldılar. Yoxsul, az inkişaf etmiş dövlətlərin əhalisinin sağlamlığı təhlükə altında qaldı. Bu problemlə əlaqədar Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Təşkilatının sədri kimi BMT-nin xüsusi sessiyasında çıxış edərək bütün dünya ölkələrini ədalətli olmağa çağırdı.

Prezidentin bu çıxışı dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Prezident bir daha dünyaya çatdırdı ki, Azərbaycan ədalətin, insanpərvərliyin tərəfdarıdır.

Məlum olduğu kimi, Çin vaksin istehsal edən ilk dövlət oldu. Bundan sonra Rusiya və bir neçə Avropa dövləti vaksin istehsalına başladı. Vaksinlərin digər dövlətlərə verilməsi zamanı Prezident İlham Əliyevin güclü rəhbər və şəxsi nüfuza malik olması bir daha sübut olundu. Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdəndir. 2021-ci il yanvarın 18-dən vətandaşlarımız vaksinasiya olunmağa başladılar. Artıq Azərbaycanda 4 ölkənin istehsal etdiyi vaksinlərdən istifadə edilir.

Artıq birinci və ikinci doza vaksin olunanların sayı 2,5 milyondan yuxarıdır. 2021-ci ilin əvvəllərindən davam edən vaksinasiya və görülmüş digər tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyət hər gün müsbətə doğru dəyişir. Bir sıra məhdudiyyətlər aradan götürülüb. Açıq havada maskasız gəzmək, metro və içtimai nəqliyyatın hərəkəti bərpa olunub, idman zalları açılıb, böyük ticarət mərkəzləri fəaliyyətə başlayıb, iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək. Məhdudiyyətlər aradan götürüldükcə əvvəlki həyatımıza dönürük”.

Müsahibimizin sözlərinə görə, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, təhlükə qalmaqdadır: “Bir çox ölkələrdə, xüsusən qonşularımız Rusiya və Gürcüstanda vəziyyət təhlükəli həddə çatıb. Rusiyanın paytaxtı Moskva şəhərində pandemiya başlayandan rekord sayda yoluxma qeydə alınıb. Bu şəhərdə yenidən məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Gürcüstanda gündəlik yoluxma 1000-ə yaxınlaşıb, ölüm sayı 24 nəfərə çatıb. Bu ölkənin əsas gəliri turizmdən olduğundan sərhədlərini tam açıb, bu da vəziyyəti daha da gərginləşdirib.

Bir faktı da nəzərə almaq lazımdır ki, Rusiyada da, Gürcüstanda da əksər insanlar Hindistan ştammına yoluxublar. Rusiya və Gürcüstan bizimlə qonşu olduğundan bu ştammın Azərbaycana keçmə ehtimalı çox yüksəkdir. Hindistan ştamının təhlükəsi ondan ibarətdir ki, bu virus hüceyrələrə daxil olarsa, anticisimlərə qarşı davamlı olur.

Vətəndaşlarımızdan xahiş edərdim ki, Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etsinlər, vacib olmadığı təqdirdə xarici dövlətlərə səfər etməsinlər. Bunu həm özlərinin, həm də xalqımızın sağlamlığı naminə etməlidirlər”.


Müəllif: Yeganə Oqtayqızı