24 İyun 13:43

Dövlət İmtahan Mərkəzi 1 və ya 2 iyul 2021-ci il tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə (şagirdlərə) müraciət edib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, 1 və 2 iyul 2021-ci il tarixlərində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulub. İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq. İştirakçılar İmtahana buraxılış vərəqəsi"ni çat edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”də iştirakçıların hansı tarixdə və rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.

İyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.


Müəllif: Teleqraf.com