24 İyun 2021 16:08
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi azalma müşahidə olunur. Bu ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir. Kütləvi yoluxma hallarına qarşı ən effektiv təsirli tədbir sayılan vaksinasiya dövrüdür. Ona görə də, insanlar öz sağlamlıqları, normal həyat axarının davamı üçün vaksinasiyada maraqlı olmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, ölkəmizdə 2021-ci ilin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkan yaradıb: “Açıq havada maskadan istifadənin ləğvi, şənlik məclislərinin keçirilməsi, idman zallarının açılması bu qəbildəndir. Artıq epidemioloji vəziyyəti yaxşı olan ölkələrlə hava əlaqəsi bərpa olunub. Amma bütün bunlara baxmayaraq dünyada epidemioloji vəziyyət hələ bitməyib. Yoluxma sayının artması ehtimalı öz mövcudluğunu saxlayır. Buna görə də insanlarımızın epidemiya qaydalarına bir müddət də riayət etmələri tövsiyə olunur”,

Məlahət İbrahımqızına görə, Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiyanın həyata keçirilməsinə başlayıb: “Ölkəmiz hazırda əhalinin vaksinasiyası göstəricilərinə görə MDB məkanında liderdir. Çünki Azərbaycan hökuməti dünyada mövcud olan yüksək rəqabət, vaksin qıtlığı şəraitində öz əhalisinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin edib”.

Komitə üzvünün fikrincə, Azərbaycanda pandemiyaya görə olan məhdudiyyətlər aradan qaldırılır, ölkə əvvəlki həyatına qayıdır, amma təhlükə hələ qalmaqdadır: “Təhlükənin real olduğunu görmək üçün digər ölkələrdə, o cümlədən qonşu dövlətlərdə COVID-lə bağlı gərgin vəziyyətinə nəzər etmək kifayət edər. Qonşu Rusiya, Gürcüstan eyni zamanda Ukrayna, Böyük Britaniya kimi ölkələrdə insan həyatı üçün daha çox təhlükə kesb edən Hindistan ştammının 90-dan artıq növü müəyyən edilib. Bu ştammın Rusiyada, digər region ölkələrində geniş yayılması əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə səbəb olub. Gündəlik 5-6 yoluxma halı qeydə alınan İsraildə bir gün ərzində bu rəqəm 125-ə yüksəlib. İnsanların Hindistam ştammı ilə yolduxduğu barədə məlumatlar var. Ölkə rəhbərliyi artıq məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və revaksinasiyaya hazırlaşır. Rusiya və Gürcüstanda Hindistan ştammı aşkar olunduğundan, onun Azərbaycana keçmə ehtimalı yüksəkdir. Bu səbəbdən də vətəndaşlar daha fəal vaksinasiya olunmalı, özlərin qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidir. Əks-təqdirdə virusun yenidən yayılması baş verəcək, məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər