Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilən tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-dan Teleqraf.com-a verilən məlumata görə, iyunun 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram “heroin”, 2000 qram “metamfetamin” və 6400 qram “marixuana”) aşkar olunaraq götürülüb.
İyunun 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zastavasının ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olan məlumatla əlaqədar dövlət sərhədin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilib, ərazidə əlavə heyət yerləşdirilib. Saat 03:00 radələrində dövlət sərhədinin pozulması aşkar edildikdən sonra dərhal sərhəd pozucularının təqibinə başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəhrəmtəpə-Bakı avtomagistral yolu istiqamətində “MAZ” markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.
Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki 2 ədəd bağlamanın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram “heroin”, 5863 qram “marixuana”, 3300 qram “metamfetamin”), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləriaşkar olunaraq götürülüb.
Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.