Dünyada bərpa olunan mənbələrdən enerji istehsalında artım bütün mənbələri geridə qoyub. Çünki yenilik xərcləri azaldır və təmiz enerji gələcəyi vəd edir. İnkişaf etmiş ölkələrdə günəş, külək, su və digər bərpa olunan mənbələrdən alınan enerji istehsalı rekord qırır və milli elektrik şəbəkəsinə inteqrasiya olunur.
Beynəlxalq enerji təşkilatlarının müşahidələri göstərir ki, pandemiyada iqtisadi böhran zamanı təmiz enerji mübarizə aparıb. 2020-ci ildə enerji mənbələri arasında yeganə artım bərpa olunan enerji mənbələri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5% həcmində azalmasına baxmayaraq, bərpa olunan enerji mənbələrinin istehsalı 7% yüksəlib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpa olunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. BEA-nın proqnozuna görə, alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10%, növbəti 5 ildə isə 50% artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-i bərpa olunan enerji mənbələrinin payına düşəcək.
Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir. Bu, Azərbaycanda enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın zəngin bərpa olunan enerji potensialı mövcuddur. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvotoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. Xüsusən Qarabağ bölgəsində zəngin bərpa olunan enerji potensialı var.
Maraqlıdır, Azərbaycan bərpa olunan enerji istehsalında hədəflədiyi plana çata biləcəkmi?
Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, enerji keçidi ayrı-ayrı dövlətlərin siyasəti vasitəsilə idarə edilir.
O hesab edir ki, enerji keçidi dünyanın dayanıqlı enerji təhlükəsizliyinə bir töhfədir: “İqlim dəyişmələri və ətraf mühitin qorunması haqqında imzalanan bir sıra beynəlxalq sazişlərdən sonra alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına, eyni zamanda yeni enerji keçidinə kifayət qədər önəm verildi. Hazırda əsasən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri, eyni zamanda inkişaf etməkdə olan dünyanın 180-dən çox dövləti yeni enerji keçidi ilə bağlı strateji proqramlar həyata keçirirlər. Təxminən 30-dan yuxarı dövlətdə hidrogen və hidrogen tərkibli yanacaq növlərinin istehsalı və inkişafı ilə bağlı layihələr icra edilir. Bu baxımdan 2051-ci ilə hədəflənmiş strateji plan dünyanın müxtəlif ölkələrində müxtəlif səviyyədə həyata keçirilir.
Burada narazılıq doğuran məqamlar da var. Sürətli enerji keçidi digər dövlətlərin enerji təhlükəsizliyinə xələl gətirməməlidir. Beynəlxalq Enerji Agentliyinə (BEA) və İƏT-ə üzv dövlətlər enerji keçidinə daha çox önəm verir. Hesab edirəm ki, enerji keçidi dünyanın bütün ölkələrində eyni səviyyədə və tempdə davam etməsinə böyük ehtiyac var. Çünki bu, qlobal enerji təhlükəsizliyinə bir töhfə olmaqla yanaşı, həm də iqtisadi cəhətdən inkişafdan geri qalan dövlətlərin enerji təhlükəsizliyinin bərpasına fayda verər. 2050-ci ilə qədər qarşıya qoyulan iqlim hədəflərinə çatmaq üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan və iqtisadiyyatı zəif olan ölkələrə texnoloji və maliyyə dəstəyi verməlidir. Bu, olduqca vacibdir”.
Analitik deyir ki, qəbul olunmuş proqramların, imzalanmış iqlim sazişlərinin ümumi fəlsəfəsi 2050-ci ilə kimi dünyada neft-qaz ticarətini əhəmiyyətli dərəcədə aşağı salmaqdan ibarətdir: “Bu zaman dünyanın dəyişən enerji balansında alternativ və bərpa olunan enerji mənbələrinin iştirak payı artacaq.
Bu yaxınlarda BEA-i dünyanın yeni enerji sisteminin inkişafı ilə bağlı yol xəritəsi planını ortaya qoydu. Bu, ayrı-ayrı dövlətlərdən qatılan yüzdən yuxarı mütəxəssis qrupunun birgə iştirakı ilə hazırlanan bir layihədir. Yol xəritəsi 7 əsas, 400 aralıq addımı özündə ehtiva edir. 7 əsas sütunu sadalamaq istərdim: enerji sənayeləri; davranışlarda dəyişiklik; elektrikləşmə (sənaye, kommunal və nəqliyyat sektorunu nəzərdə tutur); bərpa olunan enerji mənbələrinin inkişafı; hidrogen və hidrogen əsaslı yanacaq texnologiyalarının inkişafı; bioenerji resurslarının inkişafı; karbon tutma və depolama imkanlarının genişləndirilməsi. BEA-nın beynəlxalq müzakirəyə təqdim etdiyi yol xəritəsində açıq çağırışlar da var. İlk olaraq dünya dövlətlərinin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yardım etməsi istənilir. Həmçinin sənayeyə neft və qaz sektoru üçün tələb olunan texnoloji avadanlıqların istehsalından imtina edilməsi üçün çağırışlar da edilib. Əvəzində bərpa olunan enerji mənbələrində istifadə edilən avadanlıq və aqreqatorlarının istehsalına üstünlük verilməsi bildirilir.
BEA eyni zamanda maliyyə mənbələrinə də müraciətlər edib. Qarşıdakı illərdə bərpa olunan və alternativ enerji mənbələrinin inkişafına töhfə verən layihələrin maliyyələşməsində öz səylərinin artırılmasını istəyib. BEA həmçinin maliyyə mənbələrinə növbəti ildən başlayaraq neft-qaz sektoru ilə bağlı tranzaksiyaların maliyyələşdirilməsindən çəkilmək barədə də çağırışlar edib.
Məlumdur ki, 1974-cü ildə Yaxın Şərq, İsrail və ərəb ölkələri arasında baş verən həbi qarşıdurmada dünyada yaranan neft böhranında sonra İƏT-na üzv dövlətlər BEA-nin üzvlüyünə keçdi. BEA-nın əsas vəzifələrindən biri dünyanın, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmək, bu sahədə olan boşluqları vaxtında aradan qaldırmaq, əlaqələndirici bir missiyanı həyata keçirməkdir. İndi yeni dünya düzənində yeni inkişaflar ortaya çıxır. Enerji keçidi ənənəvi enerji mənbələrinin inkişafına və idarə edilməsinə, eyni zamanda qlobal ümum daxili məhsul istehsalına və ticari əlaqələrin inkişafına xələl gətirməməlidir. Bu baxımdan hesab edirəm ki, enerji keçidi mərhələli şəkildə davam etməlidir. Bütün dövlətlər öz qanunvericilikləri səviyyəsində bu sahənin inkişafı ilə bağlı dövlət proqramları hazırlamalıdır”.
Zəfər Vəliyevin sözlərinə görə, 2021-ci ildə dünyada elektrik enerjisinə olan tələbat ötən illə müqayisədə təxminən 4,6 faiz artacaq: “Maraqlı məqam ondan ibarətdir ki, qlobal enerji hesabatlarında alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi payı 30 % təşkil edir. Bu artım əsasən hidroenergetikanın imkanları hesabına baş verir. 2021-ci ildə bütün sektorlarda alternativ və bərpa olunan enerji mənbələrinin iştirak payı artacaq. Hazırda “BP”, “Chevron”, “Eni”, “ExxonMobil”, “Royal Dutch” “Shell” kimi dünyanın aparıcı enerji şirkətləri alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına daha çox investisiya yatırırlar. Onlar açıq bəyan edirlər ki, qarşıdakı illərdə həm investisiya portfellərində, həm də özlərinin enerji siyasətində bu sahənin inkişafına daha çox sərmayə yatıracaqlar. Adıçəkilən şirkətlərin istehsal perspektivində alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilmiş proqramlar və layihələr bir qayda olaraq üstünlük təşkil edir.
Dünyanın enerji dəyişikliyini və müxtəlifliyini idarə edən bu şirkətlər bəyan edirlər ki, 2050-ci ilə qədər alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına önəm verməklə bərabər, dayanıqlı karbohidrogen layihələrinin də inkişafına üstünlük verəcəklər. Yəni istehsal maya dəyəri aşağı olan dayanıqlı karbohidrogen mənbələrinin inkişafına da xüsusi önəm veriləcək. Bu onu deməyə əsas verir ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçid ənənəvi enerji mənbələrinin inkişafına ciddi xələlə gətirməyəcək. Hesab edirəm ki, ənənəvi enerji mənbələrinin inkişafında və idarə edilməsində əldə edilən təcrübələri yeni enerjiyə keçidə yönəltsək daha məqsədəuyğun olar”.
Analitik aparıcı şirkətlərin proqnozlarına istinadən qeyd edib ki, qarşıdakı illərdə neftə olan tələbatda müəyyən artımlar müşahidə olunacaq: “Təbii ki, neftə olan tələbat yüksəldikcə, qiymət də artacaq. Görünən odur ki, qlobal nəqliyyat sektoru qlobal iddialı iqlim hədələrinə doğru gedir. İddialı iqlim hədəfləri yeni texnologiyaların, karbonsuz yanacaq növlərinin istehsalını qaçılmaz edir. Bu sahədə “yaşıl hidrogen” iqtisadiyyatının inkişafı, birtərkibli yanacaq növlərinin və yaşıl ammonyakın istehsalının artırılması ilə bağlı kifayət qədər proqramlar həyata keçirilir.
Təbii ki, dünya enerji sisteminin bir hissəsi olan Azərbaycan bu beynəlxalq çağırışlardan kənarda qala bilməz. Məlumdur ki, enerji sektorunda Azərbaycan dünyanın ən qədim neft-qaz istehsal edən ölkəsi kimi tanınır. Azərbaycanda bu sahə uzun və mərhələli bir inkişaf yolu keçib. Ölkəmizin 1991-ci ildən bəri dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində, dayanıq tapdığımız bu bölgədə yeni enerji nəqliyyat dəhlizlərinin formalaşmasında, beynəlxalq enerji təhlükəsizliyinə töhfə verən yeni ixrac güclərinin formalaşmasında əvəzsiz xidmətləri olub. Azərbaycanın 1994-cü ildən bu günədək həyata keçirdiyi layihələrdə bölgənin və region dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində çox böyük rolu olub. Neft-qaz hasil edən ölkələrlə müqayisədə Azərbaycan dünyada fəaliyyət göstərən nadir dövlətdir ki, özünün enerji resurslarından maksimum yararlanmağı bacarıb.
Qeyd edim ki, Azəri-Çıraq-Günəşli yataqlar blokunun xarici tərəfdaşlarla birgə işlənməsi ilə bağlı müqavilə 2050-ci ildə başa çatacaq. 2050-ci ildə yeni iqlim tələblərinə uyğun olaraq dünya ölkələri sıfır karbon emissiyalarına nail olacaq. “Şahdəniz” qaza kondensat yatağının işlənməsi ilə bağlı beynəlxalq şirkətlərlə bağlanın müqavilənin icra müddəti isə 2048-ci ildə başa çatacaq. BEA təqdim etdiyi yol xəritəsində bəyan edilir ki, 2050-ci ilədək dünyada neft istehlakı gündəlik 100 milyon barreldən 24 milyon barrelə düşəcək. Fərqli rəqəm səsləndirən digər beynəlxalq enerji şirkətləri də var. İddia olunur ki, qaz istehlakı 55% azalacaq. Dünyanın ildə təbii qaza olan ehtiyacı 3 trilyon kubmetrdən yuxarıdır. Həmçinin kömür istehlakının 90% aşağı düşəcəyi yöndə proqnozlar da var. Hesab edirəm ki, o dövrə kimi həm neft, həm də təbii qaz qaynaqlarından maksimum yararlanmağı bacarmalıyıq”.
Zəfər Vəliyev bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqları “yaşıl enerji” zonası elan edib: “Hesab edirəm ki, bölgədə alternativ və bərpa olunan enerji mənbələrini inkişaf etdirməklə yanaşı, həm də öz neft və qaz layihələrimizdən əldə olunan ixrac həcmlərini dünya bazarlarına çıxarmalıyıq. Hazırda ölkədə təbii qaza olan ümumi tələbat 11,5 milyard kubmetrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərə istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını və satılmasını həyata keçirsək, bu zaman ixrac həcmlərimiz artacaq. Ona görə də Azərbaycan hökuməti çox doğru mövqedən yanaşır ki, işğaldan azad edilmiş bölgələrdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına üstünlük verir. Alternativ enerjinin istehsalını artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandıra bilər.
Qənaətimcə, Azərbaycan 2050-ci ilə kimi özünün neft-qaz resurslarından maksimum yararlanmalıdır. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün kifayət qədər münbit zəmin var. Maliyyə cəhətdən çətinliyimiz yoxdur, kifayət qədər iqtisadi təhlükəsizlik yastığına malikik. Qarşıdakı illərdə də neft və qaz satışından ölkəmizə gəlirlər daxil olacaq. Növbəti illərdə neft-qaz qiymətlərinin 2020-ci ilin aprel ayındakı kimi təhlükəli həddə düşmə ehtimalı da yoxdur. Əksinə, “mavi yanacağın” qiymətlərində bir qədər artım müşahidə olunacaq. O dövrə kimi biz karbohidrogen resurslarımızdan maksimum yararlanmalıyıq.
Qarabağ bölgəsində zəngin bərpa olunan enerji potensialı mövcuddur. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Yəni buradan əldə olunan elektrik enerjisinin paylayıcı şəbəkəyə buraxılma ehtimalı olduqca yüksəkdir”.
Müsahibimiz deyir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar baş planın hazırlanması üzrə müqavilə imzalayıb: “İlk öncə Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında Qarabağda “yaşıl enerji” zonasının yaradılması ilə bağlı müqavilə imzalandı.
Həmçinin iyunun 3-də Energetika Nazirliyi və BP Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzaladı. Bu müqavilənin dəyəri 200 milyon dollar məbləğindədir. Energetika Nazirliyinin xətti ilə dünyanın digər ölkələri ilə müqavilələr bağlanır. Bütün bu addımlar Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında və Qarabağda “yaşıl enerji” zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
Demək olar ki, Azərbaycan neft-qaz sektorundan sonra, bərpa olunan enerji sektoruna da xarici investisiyaları cəlb etməyə müvəffəq olub. Səudiyyə Ərəbistanın “Acwa Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə imzalanan icra müqavilələri çərçivəsində Azərbaycanda külək və günəş enerji stansiyalarının tikintisi nəzərdə tutulur. Müqavilələrin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kub metr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq karbon emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.
Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşır. Belə ki, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatının, eyni zamanda hidroenergetikanın inkişafı üçün kifayət qədər resurs var.
Alternativ enerji sektoru əmək tutumu yüksək olan bir sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qarabağda bərpa olunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına mühüm töhfə verəcək. Hesab edirəm ki, Azərbaycan ənənəvi enerji mənbələrinin inkişafında əldə etdiyi təcrübəni alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəltsə, daha sürətli irəliləyişə nail olacaq”.