4 Noyabr 2014 17:17
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın xarici işlər və ticarət naziri Xarici Dillər Universitetində olub

Noyabrın 3-4-də Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov noyabrın 4-də nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-a ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, tədbirdə qonaqları salamlayan rektor onları ADU-da görməkdən məmnun olduğunu bildirib. O, səfirliyin dəstəyi ilə ADU-da macar dilinin tədrisindən danışıb. Rektor universitetdə 22 dilin tədris olunduğunu, macar dilinin Regionşünaslıq və Beynəlxalq münasibətlər və Filologiya fakültələrində Macar dili və mədəniyyətinin öyrənildiyini nəzərə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. O, Azərbaycan və Macarıstan arasında qarşılıqlı əlaqələrin strateji əməkdaşlığa çevrildiyini bildirib. Nazir P. Siyarto macar dilinin universitetdə tədrisini yüksək qiymətləndirib. O, təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin inkişafı üçün təhsilin vacib amil olduğunu söyləyib.

Görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxudu. O, mühazirəsində dünyada, eyni zamanda ölkəsində gedən iqtisadi siyasət və quruluş dəyişiklərindən, iqtisadi sahədə gedən rəqabətdən söz açıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda Azərbaycan Dillər Universiteti adından ali qonağa milli ornametləri özündə əks etdirən xalça hədiyyə olunub.

Sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim edib.

Mükafatlandırmanın gözəl bir sürpriz olduğunu söyləyən rektor Səməd Seyidov Macarıstan Prezidentinin layiq gördüyü mükafatı almaqdan şərəf duyduğunu bildirib. O, hər iki ölkənin parlaq gələcəyi naminə bu mükafatın yalnız ona məxsus deyil, eyni zamanda Azərbaycan və Azərbaycan Dillər Universiteti üçün olduğunu deyib. Rektor Səməd Seyidov Azərbaycan və Macarıstanın dəyərlərinin qorunmasında hər zaman ən yaxşısını etmək istiqamətində addımlar atılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, nazir Peter Siyarto noyabrın 3-4-də Azərbaycanda rəsmi səfərdədir. O, səfəri çərçivəsində nazir Azərbaycanın xarici işlər, iqtisadiyyat və sənaye, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirləri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri ilə görüşəcək. Bundan başqa Macarıstan nümayəndə heyəti Bakıda olduğu müddətdə Macarıstan mədəniyyətinə həsr edilmiş tədbirdə iştirak edəcəklər.

NİGAR


Müəllif: