“Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir”.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.
E. Qarabağlı bildirib ki, Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir: “Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.
Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır-red.) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir.
Şöbə müdiri Oxçuçayda 2020-2021-ci illərdə su nümunələrinin laborator analizi və vizual müşahidələr əsasında aparılan monitorinqlərin nəticələrini də açıqlayıb: “İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindən axan yerli çaylarda ekoloqlar tərəfindən monitorinqlər aparılıb. Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.
Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub. Belə ki, 09.01.2021-ci il tarixində nikel normaldan 7,1 dəfə, 28.01.2021-ci il tarixində manqan 3,6 dəfə, dəmir 4,6 dəfə, nikel 5,7 dəfə, kadmiyum 3,5 dəfə, ammonium 1,6 dəfə, qurğuşun 1,3 dəfə, sink 1,2 dəfə, molibden normadan 2,5 dəfə, 05.02.2021 tarixində manqan 2 dəfə, dəmir 3,5 dəfə, nikel 3,6 dəfə, molibden normadan 1,7 dəfə, 09.02.2021-ci il tarixində: dəmir normadan 1,8 dəfə, molibden 1,4 dəfə, manqan 1,9 dəfə, 26.02.2021-ci il tarixində manqan 3.2 dəfə, dəmir 5.2 dəfə, nikel 1.4 dəfə, molibden normadan 1.3 dəfə, 04.03.2021-ci il tarixində dəmir 2,8 dəfə, manqan normadan 3,6 dəfə, 10.05.2021-ci il tarixində: dəmir 1,8 dəfə, kadmiyum normadan 1,4 dəfə, 21.05.2021-ci il tarixində dəmir normadan 2 dəfə, 07.06.2021-ci il tarixində ağır metallardan olan dəmir normadan 1,1 dəfə, 14.06.2021-ci il tarixində transsərhəd mənbədən götürülən su nümunəsindəki dəmirin miqdarı 2,2 dəfə, Zəngilan şəhərində alınan su nümunəsində dəmirin miqdarı 1,5 dəfə, manqanın miqdarı 1,1 dəfə normadan çox olub”.
E. Qarabağlının sözlərinə görə, 7 mart 2021-ci ildə Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib. Balıqların ölümünə səbəb çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu olub: “Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb (“Societe General de Survelliance Azeri Ltd” LLJ ilə müqavilə əsasında). Oxçuçay çayından götürülmüş su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib”.
Çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistanın hələ də Transsərhəd Su hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmadığını təəssüflə qeyd edən nazirlik rəsmisi 1992-ci ildə Helsinki şəhərində qəbul edilmiş bu beynəlxalq sənədin transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynadığını diqqətə çatdırıb: “Bunu nəzərə alaraq ETSN Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.
Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru cənab Bruno Pozziyə, UNECE-nin icraçı katibi xanım Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilib, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib.
Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.
Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin Rəhbəri, cənab İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.
Beynəlxalq təşkilatlarla yanaşı, ETSN Alman Bundestaqına, Yaşıllar Fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın “Kronimet Holding” şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu”nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.
Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri, xanım Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri, xanım Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Dr. Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.
Məktublarda ETSN tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib”.