1 İyul 2021 12:55
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii qazın tarifi ilə bağlı yenilik enerji sahəsi ilə işləyən qurumların dövlət büdcəsindən asılılığına son qoyulması məqsədi daşıyır. Qənaət edilmiş vəsait vətəndaşların sosial müdafiəsinə yönəldiləcək. Ölkəmizdə dövlət siyasətinin mərkəzində sosial siyasət dayanır. Atılan addımlar, görülən işlər əhalinin sosial təminatına hesablanıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, qazın qiyməti ilə bağlı yeni taariflər aztəminatlı təbəqənin sosial durumuna təsirsiz olacaq:

“İqtisadi yeniliklər, yeni yanaşmalar enerji sahəsinə də sirayət edir. Bu baxımdan baş verən dəyişikliklər bir sıra zəruri prinsipləri özündə ehtiva edir”.

Deputat sadalayıb ki, Azərbaycanda təbii qazın qiymətinə sonuncu dəfə 2017-ci ildə dəyişiklik edilib:

“Təbii qazla bağlı yeni taariflər isə sosial yönümlü siyasətin tərkib hissəsidir. Statistikaya əsasən, abonentlərin 51 faizinin təbii qazdan istifadəsinin illik limiti 1200 m3-i keçmir. 1200 m3 limiti daxilində təbii qaz istifadəçilərinə isə qiymət artımı təsir etməyəcək. Çünki təbii qazın illik istehlak həcminin 1200 m3-dək olan hissəsi üçün tarif dəyişdirilməyib. Hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Digər istifadəçilər isə bundan sonra təbii qazdan daha ehtiyatla istifadə edəcək. Nəticədə, israfçılığa yol verilməyəcək. Eyni zamanda, enerji sahəsi ilə işləyən qurumların dövlət büdcəsindən asılılığı da yavaş-yavaş aradan qaldırılacaq. Bu da dövlət büdcəsində qənaət edilmiş vəsaitlərin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətinə yönəldilməsinə imkan yaradacaq. Dövlət siyasətinin mərkəzində sosial yönümlülük dayandığı üçün bu dəyişiklik əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün qiymət dəyişdirilməyib. Bu hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər