Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Musa müəllim, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni əməkdaşlıq münasibətlərinin formalaşması üçün real təşəbbüslər var. Bu amilin gələcək iqtisadi əlaqələrin qurulmasına təsirini necə şərh etmək olar?
- Azərbaycan artıq bölgədə əsas söz sahibidir. Ölkəmizin siyasəti hər zaman inkişafa, əməkdaşlığa, sülhə və ədalətə yönəlib. Bundan sonra da bu siyasət daha geniş şəkildə özünü göstərəcək. II Qarabağ müharibəsindən sonra xalqımız və dövlətimiz tarixi zəfəri, ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Regionda artıq mövcud olan münaqişə bitib. Ümid edirik ki, yaxın zamanlarda da Ermənistanla Azərbaycan arasında böyük sülh sazişi imzalanacaq. Çünki Ermənistanın xilası yalnız bununla bağlıdır. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bölgədə yeni bir iqtisadi formasiya, dönəm başlayacaq. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi altı dövlət prinsipi böyük bir amildir. Bununla bütövlükdə əbədi əməkdaşlıq üçün sülh gətirən bir layihə reallaşacaq. Bu layihənin də mərkəzində Azərbaycan dövləti və onun iqtisadi potensialı, siyasi və hərbi nüfuzu dayanacaq. Əgər onlar bir dövlət kimi mövcud olmaq istəyirlərsə, gec-tez bu layihələrə qoşulacaqlar. Artıq qarşı tərəfdə görünən mənzərədən aydın olur ki, Ermənistanda da bunu dərk etmək istəyənlər var. Ermənistanda keçirilən son parlament seçkilərindən ayın olan mənzərə odur ki, erməni xalqı artıq müharibədən bezib. Ona görə də erməni cəmiyyəti artıq revanşistlərə dəstək olmadı. Hər kəs Paşinyanın müharibədə uduzmasına görə, seçkidə də məğlub olacağını ehtimal edirdi. Amma buna baxmayaraq, erməni cəmiyyəti məğlub Paşinyanı revanşist Köçəryandan üstün tutdu. Artıq erməni cəmiyyəti də dərk edir ki, bölgədə Ermənistanın xilası Azərbaycanla, Türkiyə və bölgə dövlətləri ilə əməkdaşlıqdan keçir. Azərbaycanın iqtisadi potensialı, dünyadakı nüfuzu, cənab Prezidentin həyata keçirdiyi ədalətli sülh siyasəti əsaslar yaradıb ki, bölgədə inkişaf olsun. Turizm və daşınmaların həyata keçirilməsi, azad olunmuş ərazilərin potensialından səmərəli istifadə bölgədə davamlı sülhün yaranmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq həm Avropadan Asiyaya, həm də Şimaldan Cənuba gedən yüklərin həcmi daha da artacaq. Həmçinin də turist sayında ciddi artım yaranacaq. Bu da azad olunmuş ərazilərin tezliklə mənimsənilməsinə, onların mümkün potensialından daha səmərəli istifadəsinə gətirib çıxaracaq.
- Milli Məclisdə Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edildi. Yeniliklər nədən ibarət olacaq?
- Milli Məclisdə Əmək məcəlləsinə bir sıra dəyişiklər edildi. Əmək Məcəlləsi, əmək pensiyası, əlilliyi olan şəxslərin hüquqları haqqında çox ciddi dəyişikliklər edildi. Əmək Məcəlləsinə edilən dəyişikliklər işçinin sosial və işçi statusunun yüksəlməsi ilə bağlı idi. Xüsusilə, mülki, hüquqi müqavilələrdən daha çox imtina edib, əmək müqavilələrinin bağlanması məsələləri bura daxildir. Çünki işçi əmək müqaviləsi bağlamırsa, onun bir çox hüquqları tanınmamış olur. O cümlədən əməyin təhlükəsizliyi, məzuniyyət, pensiya, sosial yardım almaq kimi hüquqları tanınmamış olur. Bununla da işçi istənilən vaxt işəgötürən tərəfindən işdən kənarlaşdırıla bilir. Eyni zamanda işçilərə normal əməkhaqqları verilmir.
- İşçilərin hüquqlarının qorunması üçün hansı işlər görülməlidir?
- İşçi ilə, işəgötürən arasında əmək müqaviləsi bağlandığı halda burada şəffaflıq olur. İlk növbədə işçinin sosial sığortaya cəlb olunması və gələcək pensiya təminatı zəmanətə alınır. Digər tərəfdən işçi iş prosesində hər hansı bir xəsarət alarsa, ona dəymiş zərərin ödənilməsi əlilliyə görə pensiyalara əlavələrin olunması və digər zəruuri məsələlər həll olunur. Həmçinin işçi əmək müqaviləsi bağladığı təqdirdə həmkarlar ittifaqının da üzvü ola bilir. Bununla da sanator-kurort xidmətindən istifadə etmək imkanları yaradılır. Ən əsası da odur ki, işçi istənilən vaxtı sahibkar və yaxud işəgötürənin əhval-ruhiyyəsindən asılı olaraq işini itirmək təhlükəsi ilə üzləşmir. İşçi öz hüquqlarını da məhkəmədə müdafiə etmək imkanı qazanır.
- Əmək Məcəlləsinə edilən son dəyişikliklər özündə hansı müddəaları ehtiva edir?
- Əmək pensiyası və dövlət qulluğu ilə bağlı qanunlara dəyişikliklər edildi. Artıq növbəti oxunuşda bu qanun layihəsinin də qəbulu labüddur. Artıq bununla dövlət statusunda olan bəzi qurumların publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar orada çalışan işçilərin sosial hüquqlarının qorunması təmin olunacaq. Mövcud qanunvericiliyə görə kimin ki, 15 il dövlət stajı var onlar dövlət qulluqçusu kimi təqaüdə çıxarkən pensiyalarına əlavələr alır. Amma bəzi strukturlar publik hüquqi şəxsə çevriləndə orada çalışan insanlar bu imkanı itirmiş olur. Ona görə də qanunda dəyişiklik edilir ki, o insanlara da iki illik stajla bağlı güzəşt olunsun. Bundan sonra 15 il, 13 ilə endiriləcək, strukturlar publik hüquqi şəxsə çevriləndə vətəndaşlarımız təqaüd yaşına yaxınlaşanda əlavə problemlərlə qarşılaşmayacaqlar. Vətəndaş əmin olacaq ki, elə 13 illik iş stajı ilə dövlət qulluqçusu kimi təqaüdə çıxa biləcək. Gələcəkdə 13 illik müddətin də azaldılması mümkün ola bilər. Bu məsələlərə də baxmaq mümkündür.
- Əlilliyin təyin olunması ilə bağlı ciddi narazılıqlar var. Bu problemlərin aradan qaldırılması üçün hansı dəyişikliklər gözlənilir?
- Əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə fundamental dəyişikliklər edildi. Əlilliyinin təyin olunması ilə bağlı ciddi narahatlıqlar, narazılıqlar var idi. Vətəndaşların və bu məsələlərə cavabden olan strukturun da müəyyən məsələlərdə fikirləri üst-üstə düşmürdü. Bu da əlillik dərəcələrinin ləğv edilməsinə, şəffaflığınnı təminatına şübhələr yaradırdı. Bu məsələ ictimaiyyəti, hökuməti və qanunverici orqanı narahat edirdi. Yeni qanunlarda isə beynəlxalq aləmdə təbiq olunan əlilliyin təyin olunması, qiymətləndirilməsi üsullarından istifadə olunacaq. Daha 3 əlillik dərəcəsi deyil, 30 faizdən, 100 faizə qədər orqanizmin funksiyalarının pozulması əsas götürülməklə faizlərlə əlillik təyin olunacaq. Bu həm əlilliyə çıxmaq spektorlarını genişləndirəcək, vətəndaşlarımızın diaqnozları olduğu halda asan şəkildə əlillik alması imkan yaranacaq. Eyni zamanda bu sahədə tamam şəffaflığa yol açılacaq. Çünki əlillik dərəcəsi ilə bağlı faizlər, diaqnozlar aidiyyatı nazirliyin saytında yerləşdiriləcək. Hər bir vətəndaş artıq öz diaqnozunu bildikdən sonra ona hansı faizdə əlillik dərəcəsi təyinatı haqqında məlumatlı olacaq. Bu da indiyə qədər olmuş bürokratik əngəllər və digər mənfi halların aradan qalxmasına şərait yaradacaq.