3 İyul 2021 17:41
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonu, Quzanlı qəsəbəsində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının mükafatlandırılma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyətinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.
FHN Qarabağ Regional Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər 44 günlük haqq savaşında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulmasından danışıblar.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal çıxışında bildirib ki, tədbiri keçirməkdə məqsəd Prezident İlham Əliyevin “Dəmir yumruq” ifadəsindən ruhlanaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına mənəvi dəstək olmaq, eyni zamanda, vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. Natiq vurğulayıb ki, İctimai Birlik tərəfindən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda fədakarlıq göstərmiş digər dövlət və özəl qurumların əməkdaşlarının da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Sonda Fövqəladə Hallar Nazirliyinin 120 əməkdaşına fəxri fərman və hədiyyələr təqdim edilib, Ağdam Musiqi Məktəbinin şagirdlərinin maraqlı çıxışları olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər