4 İyul 2021 12:43
360
12 Punto 14 Punto 16 Punto 18 Punto
İl yarımlıq fasdilədən sonra nəhayət ki, toyların keçirilməsinə icazə verildi, amma eyni zamanda covid-19-a yoluxanların sayında da iki dəfə artım müşahidə olunmaqdadır, yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilərmi?
Teleqraf.com xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın əməkdaşının bu sualına aşağıdakı cavabı verib:
"Təəssüf ki, qonşu ölkələr Gürcüstan, İran və Rusiyada virus tüğyan etməkdədir. Əgər virusa yoluxanların sayı sürətlə artmağa başlasa təxirəsalınmadan məhdudlaşdırıcı tədbirlər tətbiq olunmalıdır. Rəsmi statistikaya görə 5 minə qədər insanımız bu virusdan həyatını ititrib. Epidemiyanın yaratdığı iqtisadi, sosial, psixoloji çətinlikləri bir kənara qoysaq belə, hər bir insanın həyatı heç nə ilə müqayisə edilməyəcəyək qədər dəyərlidir. Həm də hər bir itki, bir ailənin, bir nəslin faciəsidir. Vətəndaşlarımız gözləməməlidir ki, Allah uzaq eləsin, başlarına gəlsin, sonra təhlükənin ciddiliyini və itkinin ağırlığını başa düşsünlər. Sosial və iqtisadi çətinliklərə dözmək olar, amma ailə üzvülərimizi, yaxınlarımızı qorumaq üçün tələb olunan bütün gigiyenik və digər qaydalara ciddi əməl etməliyik.
Pandemiya elan olunan gündən Prezident dəfələrlə bəyan edib ki, vətəndaşlarımızın sağlamlığı bizim üçün hər şeydən üstündür. Tarixdə epidemiyalar, sonuncu 1916-1920 illərdə yayılmış ispan qripi, on milyonlarla insanların həyatına son qoyub. Bu bəlaya qarşı ən effektli mübarizə vaksin olunmaqdır. Dünyada vaksinlərin ədalətli bölüşdürülməsi, ümumiyyətlə, vaksin uğrunda qırğın getdiyi bir zamanda bizim çoxlu sayda vətəndaşımız peyvənd olunmaq imkanı olduğu halda səhlənkarlıq edir, özlərinin və başqalarının həyatını təhlükəyə ataraq peyvənd olunmurlar. Şükürlər olsun ki, artıq ölkəyə kifayət qədər, həm də fərqli ölkələrdə istehsal olunmuş vaksinlər gətirilib. Sadəcə qalır ki, vətəndaşlarımız yüksək şüurluluq və mütəşəkkillik nümayiş etdirib peyvənd olunsunlar. Bir misal çəkim, bu yaxınlarda YouTube üzərindən yayımlanan alman televiziyalarından DW-nin hazırladığı reportaja baxırdım, Almaniyadan imkanlı şəxslər peyvənd olunmaq üçün öz yaş qruplarının növbəsinin çatmasını gözləməyərək Rusiyaya gəlir və 1500 avro ödəyərək peyvənd olunurlar. Hələ mən yol, yaşayış və digər xərcləri kənara qoyuram. Budur şüurlu və yetkin insanların həyatlarına verdiyi qiymət. Vətəndaşlarımız bilsin ki, mən ailə üzvülərimlə birlikdə,19 və 20 yaşlı övladlarım da daxil olmaqla yaş qruplarımıza uyğun, ümumi qaydada ilk peyvənd olunanlardan olmuşuq. Üzücü hal odur ki, bəzi məsuliyyətsiz, hər zaman fərqli fikir söyləməyə çalışan partiya sədrləri, bəzi tibb işçiləri, hətta elmi dərəcəsi olanlar sosial şəbəkələrdə virusun təhlükəliliyini şübhə altına alan fikirlər səsləndirirlər və mətbuat da bunu yayır. Beləliklə də insanlar arasında çaşqınlıq yaradırlar. Ona görə hələ epidemiya təzə başlayanda təklif vermişdim ki, bu tipli fəaliyyət inzibati xəta kimi qanunvericiliyə daxil edilməli və həmin şəxslər inzibati qaydada cəzalandırılmalıdır. Sonda vətəndaşlarımızı təcili qaydada peyvənd olunmağa çağırıram, yalnız bu yolla normal həyatımıza qayıda bilərik".

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər