“Qeyri-rasional qidalanma ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir”
Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi probleminə dair konfrans keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunan “Sağlam Millət-Sağlam Gələcək” adlı konfransda AMEA-nın Azad Həmkarlar İttifaqı, AMEA Botanika İnstitutu, “SEBA” Koreya-Azərbaycan Şərq Təbabəti Klinikası və digər qurumlardan 100-dən çox nümayəndə iştirak edib.
“Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri Nigar Kamilova tədbiri giriş sözü ilə açaraq bildirib ki, XXI əsr həyat tərzinin insan sağlamlığına təsiri artıb: “Hər il qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir. Bunların sırasında daha geniş yayılanlar ürək-damar, onkoloji, respirator, şəkər xəstəlikləridir. İnsanın sağlamlıq vəziyyəti yalnız tibbi deyil, həm də sosial, iqtisadi və dövlət əhəmiyyətli problemdir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bir şəkər xəstəsinin müalicəsinə ildə 10-30 min, ürək-damar xəstəliyinin müalicəsinə isə 2 mindən 45 minədək avro xərclənir”.
Nigar Kamilova qeyd edib ki, sağlamlıq yalnız fiziki qüsurların və xəstəliklərin olmaması deyil: “Bu, həm də tam fiziki və mənəvi narahatlıqların olmamasıdır. İnsanların sağlamlığı əsasən 4 faktordan asılıdır. Bunlardan birincisi, sağlam həyat tərzidir, hansı ki, 50 faiz təşkil edir. Əlverişli ətraf mühitin rolu 20 faiz, genetik və irsi amillər 20 faiz, səhiyyə sistemi isə 10 faiz təşkil edir. Gördüyünüz kimi tibb nə qədər mükəmməl olsa da, bizi bütün xəstəliklərdən azad etmir. İnsan özü sağlamlığının yaradıcısıdır. Sağlamlığa təsir edən amillər sırasında ilk yerdə fiziki aktivlik və idmanla məşğul olmaq dayanır.
Bundan başqa düzgün qidalanmaq, iş və istirahət rejimi, psixi və emosional dayanıqlıq, stress hallarından uzaq olmaq, şəxsi gigiyena, zərərli vərdişlərdən uzaq olmaq bu sırada dayanan səbəblərdir. Aktiv həyat tərzi keçirən insanlar yorulmadan 1,5 dəfə az əziyyət çəkirlər. Onlar həzm sistemi xəstəliklərinə, habelə soyuqdəyməyə iki dəfə az yoluxurlar. O cümlədən hipertonik xəstəlikdən və xroniki tonzillitdən 3,5 dəfə az əziyyət çəkirlər”.
Ekspert qidanın sağlamlığa təsirləri barədə də məlumat verib. O, qidanın sağlamlığa, iş qabiliyyətinə, zehni və fiziki inkişafa, həmçinin insan ömrünün davamlılığına təsir göstərən əsas faktor olduğunu söyləyib: “Qeyri-rasional qidalanma ürək-damar sistemi, həzm orqanları və maddələr mübadiləsi ilə bağlı xəstəliklərin yaranmasının əsas səbəbidir. Müasir dövrdə zərərli vərdişlərə alkoqol, tütün və digər toksik tərkibli maddələrdən istifadə aiddir. Sağlam həyat tərzini seçməklə zərərli vərdişlərin yaratdığı xəstəliklərin qarşısını almaq olar”.
Birlik rəhbəri QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə 2009-cu ildən yeniyetmələr, gənclər və ailələrin sağlamlıqlarının qiymətləndirilməsi istiqamətində görülən işləri xatırladıb. Nigar Kamilova AMEA ilə müxtəlif sahələrdəki əməkdaşlıqdan da danışıb.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli vətəndaşların sağlamlığının bir dövlət üçün mənəvi sərvət olduğunu deyib. O, akademiyanın poliklinikasının yaradılması ilə bağlı müzakirələr aparıldığını bildirib.
Sonra AMEA-nın Həmkarlar İttifaqı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə səmərəli fəaliyyəti vurğulanıb, həmin qurumların nümayəndələrinə “Fəxri Fərman”lar təqdim olunub.
Tədbirdə Fəlsəfə və Hüquq İnstitutunun Siyası nəzəriyyələr şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru İsaxan Vəliyev, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikasının baş həkimi Zərifə Quliyeva, “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin həkimi Günay Zeynalova müasir dövrdə əhali, ailə və qadın sağlamlığı mövzusunda çıxışlar ediblər.
Naibə QURBANOVA