Ötən gün sosial şəbəkədə bakalavr və magistratura pilləsi üzrə təhsil müddətinin azaldılması haqqında xəbər yayılmışdı. Yayılan məlumata görə, bakalvar təhsilinin 4 ildən 3 ilə, magistratura təhsilinin isə 2 ildən 1 ilə endirilməsi müzakirə olunur.
Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Teleqraf.com-a açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır:
“Təhsilin hər bir pilləsi ilə bağlı müddət təsadüfi seçilmir. Bu seçim birbaşa ona əsaslanır ki, bakalavr pilləsində təhsil alan tələbə həmin müddət ərzində ixtisasla bağlı proqram mövzularını mənimsəməlidir. Həmin müddətdə ona ixtisasla bağlı olan fənlərdən dərslər tədris olunmalıdır. Bakalavr təhsilinin 4 il, magistr təhsilinin 2 il olması qanunvericilikdə öz əksini tapıb. Hazırda "Ali təhsil haqqında" qanun layihəsi üzərində iş gedir. Yaxın vaxtlarda bu qanunun Azərbaycanda tətbiqi reallaşacaq. Orada da bu məsələlərə yer ayrılıb. Sadəcə olaraq, məsələlərə həvəsli, birbaşa təsadüfi yanaşmalar bu tipli xəbərlərin gündəmə gəlməsinə gətirib çıxarıb. Bunların heç bir əsası yoxdur”.
İlqar Orucov hesab edir ki, müddətin azaldılması təhsil keyfiyyətinə təsir göstərir: “Magistratura təhsili bakalavr təhsilindən sonra elmi dərəcə verir. 1 il müddətində bu proqram mövzularının mənimsənilməsi necə mümkün ola bilər: İnsan eyni zamanda magistr, tədqiqat işi götürsün, müdafiəyə təqdim etsin?.. Bu proses 1 il müddətində mümkünsüzdür. O ki qaldı bakalavr təhsili müddətinin 4 ildən 3 ilə endirilməsinə, belə bir təcrübə yoxdur. İddiaların ortaya qoyulması absurddur. Belə məsələ gündəmdə deyil, müddətin aşağı salınması tamamilə yanlışdır. Ayrı-ayrı tələbələrin ekstra qaydada universiteti bitirən potensialı varsa, dövlət onları təmin edir. Müddətin aşağı salınması və bütün tələbələrə şamil edilməsi ilə bağlı yayılanlar heç bir fakta əsaslanmır. Təhsil müddətinin seçilməsi təsadüfi deyil. İxtisas üzrə biliklərin öyrədilməsinə sərf ediləcək zaman ölçülüb ortaya qoyulub. Hər hansı dəyişiklik nəzərdə tutulmur”.