“Davam” Gənclər Hərəkatı tərəfindən təsis edilən “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir.
Teleqraf.com xəbər verir ki, ikinci modul üzrə baş tutan təlimlərdə təlimçi qismində iştirak edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli tərəfindən “İnformasiya istehsalının şərtləri: hüquqi və etik çərçivələr”, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli tərəfindən “Azərbaycanda internet medianın vəziyyəti nə yerdədir?”, “Bakupost.az” saytının baş redaktoru Elçin Zahiroğlu tərəfindən “Jurnalist sosial mediadan necə istifadə etməlidir”, “Davam” Gənclər Hərəkatının idarə heyətinin üzvü Məhəmməd Türkmən tərəfindən “Xəbərlərdə fotonun əhəmiyyəti”, “Vətəninfo.az” saytının təsisçisi Nahid Canbaxışlı tərəfindən “Jurnalistlərin ekstremal vəziyyətlər zamanı davranışları” mövzularında interaktiv təlimlər keçirilib.
Onlar gənclərlə təcrübələrini bölüşüb, gənclərə jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər veriblər. Təlimlər zamanı diskussiya formatında davam edən səmimi söhbət əsnasında iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.
Qeyd edək ki, “New Media Hub” platforması “Davam” Gənclər Hərəkatının təşəbbüsü, “Trend” informasiya agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qruplarının tərəfdaşlığı ilə qurulub və gənc jurnalistlərin yetişdirilməsinə töhfə verməyi hədəfləyir. Platforma üç media qurumunun partnyorluğu ilə təsis olunmasına baxmayaraq, ilk gündən layihədə təmsil olunan tərəflər ölkənin digər media resurslarına bu prosesə qoşularaq gənclərin maarifləndirilməsinə və onların inkişafına töhfə verilməsinə çağırış edib.