İyulun 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın əlamətdar hadisə ərəfəsində keçirildiyini bildirib. O qeyd edib ki, 14 iyul 1969-cu il tariximizə ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gün kimi daxil olub. Ulu Öndərin hakimiyyətə gəlişi respublikamızın intibah və tərəqqisinin başlanğıcı kimi dəyərləndirilir. Çünki o dövrə qədər Azərbaycan keçmiş ittifaq arasında ən geridə qalan respublikalar sırasında idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində Azərbaycan sosial-iqtisadi inkişaf, milli kadrların irəli çəkilməsi, gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində mühüm addımlar atıldı. Ən önəmli məqamlardan biri də budur ki, Ümummilli Liderimizin hələ sovet dövründə həyat keçirdiyi siyasət milli oyanış prosesində də vacib rol oynadı ki, bu da müstəqilliyimizə gedən yolun təməllərindən biri kimi qiymətləndirilir.
S.Hüseynova diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyəti dövrü isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğu kimi səciyyələndirilir. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini, inkişaf strategiyasını müəyyənləşdirdi, müstəqilliyimizin dönməzliyini təmin etdi. 2003-cü ildən isə Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan daha da inkişaf edərək dünyada güclü və qüdrətli dövlətə çevrilib. Məhz bunun nəticəsidir ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
YAP Təftiş Komissiyasının sədri söyləyib ki, Vətən müharibəsində qazanılan parlaq qələbə yeni reallıqlar yaradıb. Bu reallıqlar siyasi sferanı da əhatə edir. Bu ilin mart ayında Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi və qurultayda mühüm qərarların qəbul edilməsi, partiyamızın Sədri, Prezident İlham Əliyevin partiya üzvləri qarşısında qoyduğu yeni vəzifələr bütün bunları bir daha təsdiqləyir.
Daha sonra iclasın gündəliyi barədə məlumat verən S. Hüseynova deyib ki, gündəliyə Təftiş Komissiyasının reqlamentinin təsdiq olunması və komissiyanın iş planı barədə məsələlər daxildir. Qeyd olunub ki, Təftiş Komissiyasının ilk iclasında reqlamentin hazırlanması barədə qərar qəbul olunmuşdu. Artıq bu sənəd hazırdır. 5 bölmə və 65 maddədən ibarət olan reqlamentdə Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər məsələlər öz əksini tapır.
YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov sənədin üzərində zəruri işlərin aparıldığını, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı YAP Təftiş Komissiyasının üzvləri Sadiq Qurbanov, Cavanşir Paşazadə, Musa Musayev, Vüqar İskəndərov, Həsən Həsənov, Aydın Hüseynov, Məlahət İbrahimqızı və Elman Nəsirov çıxış edərək sənədlə bağlı rəy və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub.
İclasda daha sonra YAP Təftiş Komissiyasının iş planı ilə bağlı məsələyə baxılıb və iş planının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.