14 İyul 2021 18:18
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycanın milli təhlükəsizliyi: təhdidlər və onların qarşısının alınması üçün qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilib.

Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, 14 iyul təqvimi Azərbaycanın tarixində mühüm yer tutur. Belə ki, 14 iyul 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəlib. Onun sözlərinə görə, Ulu Öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı naminə misilsiz, tarixi xidmətlər göstərib.

B.İslamov həmçinin Tovuz döyüşlərinin baş verməsindən bir il ötdüyünü xatırladaraq bu döyüşlərdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunu qeyd edib.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycanın milli təhlükəsizliyi: təhdidlər və onların qarşısının alınması üçün qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı müvafiq normativ hüquqi aktlar qəbul olunub. Bu, həm dövlət başçısının imzaladığı fərman və sərəncamlarda, həm də Milli Məclisin qəbul etdiyi qanunlarda özünün əksini tapır. “Milli təhlükəsizilik haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Hərbi Doktrinası” və digər sənədləri buna nümunə gösətmək olar.

Komitə sədri qeyd edib ki, milli təhlükəsizlik-dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir: “Milli təhlükəsizliyimizin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Təhlükəsizliyimizin əsas prinsipləri arasında insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti də vacib yer tutur”.

Ziyafət Əsgərov diqqətə çatdırıb ki, ölkəmizə qarşı təhdidlər hər zaman olub və bundan sonra da ola bilər: “Əsas məsələ ondan ibarətdir ki, bu təhdidlərin qarşısı alınır. Biz indiyə kimi siyasi, hərbi, iqtisadi, sosial, ekoloji və digər xarakterli təhdidlərlə qarşılaşmışıq. Onun sözlərinə görə, xüsusilə 1990-cı illərin əvvəllərində milli təhlükəsizliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi, digər tərəfdən iqtisadi və s. xarakterli təhdidlər gələcəyimizi sual altına qoyurdu. Amma 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkədə təhlükəsizlik sistemi quruldu. Ulu Öndərimizin qətiyyətli siyasəti nəticəsində bütün daxili problemlər aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi təhlükəsizliyimizin təmin edilməsi, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı”.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Ziyafət Əsgərovun sözlərinə görə, dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edib, güclənib və dünyada söz sahibi olan ölkələr sırasına çıxıb: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, bu sənədlər 30 ilə yaxın kağız üzərində qaldı. Beynəlxalq birlik Ermənistana heç bir təzyiq göstərmirdi. Halbuki, beynəlxalq hüquq qarşısında bütün dövlətlər bərabər olmalıdır. Lakin reallıqlar başqadır. Beynəlxalq hüquqla yanaşı güc amili də əsasdır. Ona görə də, cənab Prezidentin siyasəti nəticəsində Azərbaycan ötən illər ərzində xeyli gücləndi və öz gücünə torpaqlarını işğaldan azad etdi”.

Milli Məclisin komitə sədri əlavə edib ki, milli təhlükəsizliyimizin təmin olunmasında müvafiq dövlət qurumları ilə yanaşı hər bir vətəndaş da fəal iştirak etməlidir.

Ziyafət Əsgərov gənclərə yaxşı təhsil almağı, yüksək biliklərə sahib olmağı tövsiyə edib. Çünki savadlı, bilikli cəmiyyət həmişə güclü olur. Güclü xalq və güclü dövlət isə hər zaman təhdidlərin qarşını almaq iqtidarındadır.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər