Noyabrın 5-də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi mətbuat konfransı keçirib.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilən mətbuat konfransında mərkəzin bu vaxta qədər gördüyü işlər, gələcək planları, ölkədə tərcümə sahəsinin vəziyyəti, bu sahədə problemlərin həlli yolları ilə əlaqədar görülən işlər barədə məlumat verilib.
“Media forum” saytı Tərcümə Mərkəzinin internet səhifəsinə istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn açıb. O, mərkəzin yaradılması və fəaliyyəti ilə bağlı ölkə prezidentinin fərman və sərəncamlar imzaladığını qeyd edib.
Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev qurumun tarixindən, həyata keçirilən layihələrdən bəhs edib və yeni mərkəzin dərin ənənələrə malik olduğunu vurğulayıb: “Yeni mərkəz yaradılana qədər görkəmli yazıçı Afaq Məsud Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin direktoru kimi çox böyük fədakarlıqlar hesabına cüzi maliyyə ilə “Xəzər” dünya ədəbiyyatı jurnalının nəşrinə, eləcə də seriya kitabların çapına nail ola bildi. İndi isə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən biz peşəkar tərcüməçilərə daha geniş imkanlar yaradılıb. Bircə qalır səylə çalışmaq.
Tərcümə işi ilk növbədə öz ana dilinə xidmət və dillərin bir-birinə yaxınlaşması deməkdir. Hər bir dil, necə deyərlər, başqa dillərlə toqquşanda, ünsiyyət yarananda zənginləşir, inkişaf edir. Bu prosesi həyata keçirən isə tərcümə sənətidir. Bundan başqa, bəzi insanlar elə düşünür ki, biz yalnız bədii tərcümələrlə məşğul olacağıq. Ancaq belə deyil. Bu, çoxşaxəli, geniş miqyaslı bir fəaliyyət olacaq, fəaliyyətimizdə reklam lövhələrindən tutmuş dublyaj, elmi-texniki, hüquqi, tibbi və s. sahələr əhatə olunacaq.”
Daha sonra Yaşar Əliyev jurnalistlərin suallarını cavablandırıb.
Sonda isə mərkəzin aztc.gov.az rəsmi saytının və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları keçirilib.