Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Komissiya seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün səsvermənin yekunlarına dair protokolların hazırlanmasına qərar verib. Eyni zamanda qərara alınıb ki, protokollar seriyaları göstərilməklə, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməli, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Mərkəzi Seçki Komissiyasının iclasında bu il keçiriləcək bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb. Həmin partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiyanın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.