“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “ArtColab” rəssamlıq kursunun dəstəyi ilə həyata keçirilən “Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” adlı layihəyə start verilib.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi uzun müddət davam edən xüsusi karantin rejiminə görə gənclərin sosial həyatdan kənarda qaldığını nəzərə alaraq onların asudə vaxtının rəngli və səmərəli təşkil edilməsi, eləcə də yaradıcılıq potensialının üzə çıxarılmasıdır.
Layihə üzrə ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 300-dən çox gənc iştirak hüququ qazanmaq üçün qeydiyyatdan keçib və bu say günbəgün artmaqdadır.
Layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün karantin qaydalarına əməl olunaraq məhdud sayda qruplarla master-klaslara start verilib. “ArtColab” rəssamlq kursunda baş tutan ilk master-klas zamanı gənclər kətan üzərində yağlı boya ilə rəsm çəkiblər. Gənclər müxtəlif üsullardan praktiki olaraq istifadə edib həvəskar yaradıcılıq nümunələri ərsəyə gətiriblər.
Qeyd edək ki, “Rəngli əllər - asudə vaxtın səmərəli təşkili” adlı layihə "Davam" Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində baş tutur.