Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, həmçinin 44 günlük Vətən müharibəsində ölkəmizə və xalqımıza göstərdiyi mənəvi-siyasi dəstəyə görə qardaş Türkiyəyə minnətdarlıq ifadə edilib.
Qeyd olunub ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi həssaslıqla yanaşır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin mütləq əksəriyyəti tezliklə doğma yurdlarına qayıtmaq arzusundadır. Beynəlxalq normalara uyğun olaraq, qayıdışın könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə həyata keçirilməsi üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür.
Türkiyə Milliyyətçi Həkimlər Birliyinin sədri Semih Uşaklioğlu səmimi söhbətə görə təşəkkür edib. Bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi şəhid ailələrini ziyarət, qaziləri müayinə etməkdən ibarətdir. Səfər iyulun 24-dək davam edəcək.
Xatırladaq ki, Türkiyə Milliyyətçi Həkimlər Birliyi artıq 3 ildir ki, Ağdam, Tərtər, Bərdə rayonları və Bakı şəhərində qurbanlar kəsib şəhid ailələrinə, məcburi köçkünlərə, müharibə əlillərinə, veteranlara və aztəminatlı ailələrə paylayırlar. Birlik üzvləri ilə Vətən müharibəsi zamanı və pandemiya dönəmində TƏBİB vasitəsi ilə tibbi ləvazimatlar göndərib, eləcə də birliyin üzvü olan həkimlərdən bir neçəsi yaralıları müayinə və müalicə etmək məqsədi ilə qardaş Azərbaycana səfər edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə ölkəmizdə fəaliyyət göstərən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də iştirak edib.