1943-cü ildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının ümumi katibi, Türkiyənin Bakıdakı sabiq səfiri Məmduh Şövkət Esendala yenə həmin partiyanın Xalq Evləri bürosunda çalışan Əbdüləziz oğlu Məhəmmədəli Rəsulzadə tərəfindənərizə göndərilib. Türkiyə arxivlərində qorunan həmin ərizədə yazılıb:
“Məlumi-dövlətləri olduğu kimi əslən bakılıyam. 1921-ci ildə Azərbaycanın Sovetlər tərəfindən istilasına görə İrana qaçmaq məcburiyyətində qaldım. Tehranda Türkiyə Cümhuriyyəti səfirliyi məni himayə ilə 1922-ci ildə Türkiyə vətəndaşlığına qəbul etdiyi üçün hər il Tehran konsulluğunda qeydiyyatımı yenilədim. Vətəndaşlığa qeydiyyatım haqqındakı Tehran konsulluğu vasitəsilə müraciətimə cavab olaraq Ankarada müvafiq məqam tərəfindən yurda qayıtmağım ertələndi. 1930-cu ildə Kirmanşah konsulluğundan aldığım pasportla Türkiyəyə gəldim. Vətəndaşlığa qəbulum haqqındakı müraciətimi Daxiliyyə Vəkaləti ailə fərdlərimin yanımda olmadığı bəyanı ilə qəbul etmədi. Sonrakı müraciətlərim isə cavabsız qaldı.
Dörd ay əvvəl yenə vətəndaşlığa qəbulum haqqında Daxiliyyə Vəkalətinə müraciət etdim. 24 fevral 1943 tarixli və 548 saylı bir yazı ilə indilik vətəndaşlığa qəbul edilməyəcəyim mənə təbliğ olundu. 13 ildən bəri Türkiyədə haymatlos (heç bir dövlətin vətəndaşı olmayan – D.Ə) vəziyyətində yaşayır və bu vəziyyətdən maddi və mənəvi bir çox sıxıntılara düçar oluram. 18 ildən bəri məni yaxından tanımış olmanız hesabilə vətəndaşlıq vəziyyətimin tənzimi üçün yardımınıza müraciət edirəm. Əlaqədar məqamlar nəzdində icab edən tövsiyə və yardımlarınızın əsirgənilməməsini hörmətlə rica edirəm”.
Ərizəni göndərən şəxs Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat partiyasının qurucularından biri, ömrünün böyük hissəsinin mühacirətdə keçirmiş siyasi xadim Məhəmmədəli Rəsulzadədir.
Hümmətdən Müsavata
Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu olan Məhəmmədəli Rəsulzadə 1884-cü ildə (bəzi sənədlərdə 22 mart 1885) Bakının Novxanı kəndində doğulub. Məhəmmədəli bəyin anasının adı Umleyla olub. Ümbülbanu və Ümgülsüm adlı iki bacısı olub. Ümbülbanı əmisi oğlu Məhəmmədəmin bəyə ərə gedib.
Məhəmmədəli bəy ilk təhsilini din xadimi olan atası Əbdüləzizdən alıb, daha sonra Sultanməcid Qənizadənin ikinci rus-türk məktəbində davam etdirib. Ardınca Bakı texniki məktəbində rus dilində təhsil alıb. 1902-ci ildən siyasi fəaliyyətə başlayan Məhəmmədəli bir il sonra Məhəmmədəminin yaratdığı Müsəlman Gənclik Təşkilatının ilk üzvlərindən idi. 1904-cü ildə Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu “Hümmət” təşkilatı yaradılarkən Məhəmmədəli orada təmsil olunub. O, “Hümmət” təşkilatının nəşr etdirdiyi “Təkamül” (1906-1907), “Yoldaş” (1907) kimi qəzetlərdə həmkarlar ittifaqlarının fəaliyyətinə dair məqalələr yazıb. 1908-ci ildə dövlət əleyhinə çalışan şübhəli şəxs qismində həbs olunub. 1911-ci ildə Məhəmmədəmin bəyin göstərişi ilə Bakıda Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu ilə birgə Müsavat firqəsini yaradıb. 1915-ci il oktyabrın 2-dən etibarən bu partiyanın “Açıq söz” adlı qəzeti nəşr olunub. Qəzetin naşiri Məhəmmədəli Rəsulzadə olub. 1917-ci ilin oktyabrında Müsavat Firqəsinin birinci qurultayı çağırılıb. Məhəmmədəli Rəsulzadə orada iştirak edib. Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra o, Parlamentə üzv seçilib, 1919-cu ildə hökumət mətbəəsinə müdir təyin olunub. Həmin ilin oktyabrında isə Müsavatın Bakı Komitəsinin üzvü seçilib.
Rusiyanın Cümhuriyyəti işğalından sonra Məhəmmədəli bəy 22 avqust 1920-ci ildə həbs olunub. Həmin vaxt o, Raziyə adlı xanımla evli idi, övladları vardı. Bir müddət Rəsulzadə ilə birgə Moskvada sürgün həyatı yaşayan Məhəmmədəli bəy daha sonra İrana qaça bilib, orada Qulamrza Şərifzadə və Cəfər Cəfərovla birgə Müsavatın Tehran komitəsini yaradıb. Eyni zamanda İranda “Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyəti”nin də əsas ideoloqu olub.
Xatirələrində İrana qaçışından bu şəkildə bəhs edib:
“Plana uyğun olaraq bir türkmən qayıqçı tapıldı. Fəqət bizlərin kimliyi ona bildirilmədi. Başqa adla qayığa mindik. Danışığımıza çox diqqət edirdik. Bir-birimizə başqa adla xitab edirdik. Türkmən qayıqçı Xəzərin dalğaları ilə, bəlkə, yüz dəfələrlə boğuşmuş, mahir, işini bilən adam idi. Biz danışır, o dinləyirdi. Təhlükə sovuşmuşdu. Güney Azərbaycan sahillərinə çıxmaq üzrə idik. Kürək çəkməkdən yorulmayan, bizim danışığımıza bəzən bığaltı gülən bu mahir mərd türk övladı qəfil dilləndi. Hamımıza öz adımızla xitab edərək uğur arzuladı. Əmin bəyi nəzərdə tutaraq “məndən də Kişiyə çox-çox salam söyləyin” dedi. Heyrətdən donmuşduq”.
Məhəmmədəli bəy özünün də yazdığı kimi 8 il İranda qaldıqdan sonra 1930-cu ildə Türkiyəyə gəlib. 22 iyul 1930-cu ildə o, Müsavatın Xarici Bürosunun toplantısında iştirak edib. Mühacirətə getdikdən sonra Sovet rejimi Məhəmmədəlinin həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgün edib.
Məhəmmədəli bəy İstanbulda “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu Yurd” kimi məcmuələrdə çalışıb, “Azərbaycan Yurd Bilgisi” dərgisində ədəbi yazılar qələmə alıb.
Müsavatdan CHP-yə
CHP Xalq Evləri bürosunun əməkdaşı kimi Türkiyə arxivində saxlanılan şəxsi işinə görə, Məhəmmədəli bəy 1884-cü ildə Bakıda doğulub, 1901-ci ildə liseyi bitirib. Məsləyi qəzetçilikdir. Azərbaycanda Müsavat partiyasının üzvü olduğunu yazan Rəsulzadə Vətəni 1922-ci ildə tərk etdiyini qeyd edib. Farsca və rusca bildiyini, əsərlərinin olmadığını bildirib. “Milli mücadilədə harada və hansı vəzifədə olub” sualına “O zaman Türkiyədə deyildim” cavabını verib. Hərbi xidmətdə olmadığını, mətbuat ümummüdirliyində çalışdığını, 1940-cı ilin oktyabrının sonuna qədər radio dinləyərək tərcüməçilik etdiyini bildirib.
11.10.1949 tarixli sənəddə Məhəmmədəli bəyin fars dilində olan qəzet və kitablardan məqalələr tərcümə etdiyi göstərilib. 30.12.1949 tarixli bir sənəddə onun səhifə hesabı tərcümələr edərək ayda 150-160 lirə maaş aldığı qeyd olunub.
18.07.1951 tarixli ərizəsində partiyadakı vəzifəsindən çıxarıldığı üçün bir illik təzminatından vergi tutulmasına etiraz edib. Həmin sənəddə Məhəmmədəli bəyin Ankarada Maltepe, Onur küçəsi, İnal apartmanı 27 adresində yaşadığı qeyd olunub. Qeyd edək ki, bu ərizəsinə müsbət cavab gəlib.
Digər bir sənəddə Məhəmmədəli bəy 3 noyabr 1948-ci ildə evləndiyini qeyd edib. Məlumat üçün qeyd edək ki, o, yaxın dostu, məsləkdaşı Abbasqulu Kazımzadənin vəfatından sonra onun vəsiyyətinə uyğun olaraq yoldaşı Müzəyyən xanımla evlənib. Rəsmi evliliyindən iki gün sonra Məhəmmədəli bəy CHP-yə ərizə göndərərək evli olan həmkarları kimi kömək edilməsini xahiş edib. Ümumiyyətlə, CHP sandığına göndərdiyi bir xeyli ərizədən bəlli olur ki, M.Rəsulzadə ağır şərtlər altında yaşayıb, davamlı partiyadan borc istəyib.
CHP məmurlarına məxsus tərcümeyi-hal adlı sənəddə doğum tarixini 1890 göstərib. Bu sənəddən aydın olur ki, Məhəmmədəli bəy 1942-ci ilin 22 oktyabrından (digər bir sənəddə 20 oktyabr) CHP məmuru kimi çalışır, bu işə 180 lirə maaşla başlayıb, hazırda isə 350 lirə alır. Təhsilinin Bakıda lisey dərəcəsində olduğunu, Bakıdan qaçdığı üçün diplomunun olmadığını bildirib.
Başqa bir sənəddən aydın olur ki, Məhəmmədəli bəy 19 aprel 1947-ci ildə Türkiyə vətəndaşlığına qəbul olunub. 10 may 1947-ci ildə CHP ümumkatibliyinə göndərdiyi ərizəsində digər CHP məmurları kimi eyni haqlardan yararlanmalı olduğunu bildirib.
Başqa bir tərcümeyi-hal sənədində isə övladlara dair hissədə belə yazıb: “Bakıda üç oğlum vardı. 10 ildən bəridir heç bir məlumatım yoxdur”.
Məhəmmədli bəyin hələ daha bir neçə 10 il övladlarından məlumatı olmayacaqdı. Mühacirətə getməsindən yarım əsr sonra oğlu Aydın İstanbula gedəcək və atası ilə görüşəcəkdi.
M.Rəsulzadə 1982-ci il fevralın 3-də İstanbulda vəfat edib. Məzar yeri unudulub...