Noyabrın 6-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla Azərbaycanda səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri, xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş olub.
Teleqraf.com-un məlumatına görə, K. Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa Fövqəladə Hallar Nazirliyi (FHN), o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib. Nazir hər iki qurum arasında, xüsusilə, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.
Xanım Melani Şults van Haegen-Maas Geesteranus, öz növbəsində, hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra Kəmaləddin Heydərov və Melani Şults van Haegen-Maas Geesteranus “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Səfər çərçivəsində FHN-in bəzi qurumlarının fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.