29 İyul 2021 17:27
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.

Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir. Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusiyadan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Eyni zamanda Rosselxoznadzor tərəfindən Agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə Agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.

Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Qetd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumalar nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reystrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.

Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması, gələcəkdə bitkiçilik məhsullarının ixracı zamanı problemlərin yaşanmaması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətlə yanaşmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər