1 Avqust 2021 17:28
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır.

Teleqraf.com xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, yayılan xəbərlərdə bu mövqeni gücləndirən, yaxud isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir:

"Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərin önündə həmçinin strukturun daha da təkmilləşdirilməsi durur. Azərbaycan Milli Məclisin VI çağırışı eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yenilənməsi ilə yadda qaldı".

Millət vəkilinin sözlərinə görə, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir: "Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır, idarəetmədə səmərəliliyin daha da yüksəlməsi müşahidə olunur".

Vüqar Bayramov bildirib ki, parlamentin uzunmüddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və strukturu səmərəli idarəetmə üçün məqbuldur: "Digər tərəfdən, xüsusən son çağırışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb".

Millət vəkili əlavə edib ki, biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk: "Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir".

Onun sözlərinə görə, bu baxımdan Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər