2 Avqust 2021 15:33
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İntizam Komissiyasında Baş Prokuror Kamran Əliyevin müraciəti müzakirə olundu. Komissiya sədri Eldar İbrahimov Milli Məclisə daxil olan Baş Prokurorun müraciəti ilə bizi tanış etdi. Daha sonra millət vəkili Eldəniz Səlimova söz verildi. O, öz hərəkətlərindən peşiman olduğunu dilə gətirdi və həmkarlarından üzr istədi.

Bunu Teleqraf.com-a Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

O qeyd edib ki, komissiya üzvlərinin hər biri baş vermiş hadisəyə münasibət bildirib: “Bu halın yolverilməz olduğu xüsusi qeyd edildi. Respublika Prokurorunun göndərmiş olduğu təqdimat obyektiv qiymətləndirildi. Geniş müzakirələrdən sonra müraciət komissiya tərəfindən yekdilliklə müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu”.

Deputatın fikrincə, bu bir daha onu göstərir ki, Azərbaycanda qanun hər kəs üçün keçərlidir və qanunun aliliyi əsasdır: “Daşıdığı vəzifədən, tutduğu mövqedən, malik olduğu səlahiyyətdən asılı olmayaraq hər kəs qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Bundan öncə də bəzi millət vəkilləri etik qaydaları pozduqlarına, Milli Məclisin nizamnamasinin bəzi müddəalarına zidd addımlar atdıqlarına görə cəzalandırılıb, xəbərdarlıq və töhmət verilib. Bu baxımdan deputat Eldəniz Səlimovun polis əməkdaşına göstərdiyi fiziki təzyiq, ünvanına söylədiyi təhqirlər özünün hüquqi qiymətini almalıdır”.

Millət vəkili xatırladıb ki, bu məsələ geniş şəkildə ictimailəşdikdən və sosial şəbəkələrdə müzakirə olunduqdan sonra Daxili İşlər Nazirliyi olayı diqqətdə saxlayıb: “DİN rəhbərliyi bu faktı dəqiqləşdirmək üçün məsələləri araşdırıb. Fakt təsdiq olunduqdan sonra məsələ araşdırılması üçün qanunvericiliyə uyğun olaraq Respublika Prokurorluğuna təqdim edilib. Respublika Prokurorluğu da qısa zaman kəsiyində bu məsələni araşdırmaqla bir daha qanunun aliliyinin keşiyində durduğunu nümayiş etdirib”.

Sədr müavininə görə, bu hal onu deməyə əsas verir ki, Azərbaycanda hər kəs qanun qarşısında eyni məsuliyyət daşıyır: “Bundan əvvəl də ən yüksək səviyyəli məmurların rüşvətxorluğa, korrupsiyaya qarşı aparılmış mübarizə çərçivəsində məsuliyyətə cəlb edilməsi faktları ictimaiyyətə bəllidir. Bu, bir daha sübüt edir ki, Azərbaycanın bütün vətəndaşları tutmuş olduğu vəzifədən, səlahiyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Ümumilikdə bütün bu hallar Azərbaycanda qanunun aliliyini nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər