Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda regional seminar-müşavirə keçirilib.
Teleqraf.com-un məlumatına görə, seminar-müşavirədə FHN-in DYNX-nin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət mayoru Aqil Mustafayev, Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərimxanov, İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin rəisi polkovnik-leytenant Niyaməddin Zeynalov, Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət mayoru Xəyal Səlimli, Aran Regional Mərkəzinin, Bərdə və Göygöl Meşə Təsərrüfatı mərkəzlərinin və Yevlax Elektrik Şəbəkəsinin əməkdaşları, yerli bələdiyyə sədrləri və inzibari ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, ixrac neft-qaz boru kəmərlərinin, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də biçilmiş taxıl sahələrinin, quru otun, kol-kosun və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirədə, həmçinin yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər də diqqətə çatdırılıb, suallar cavablandırılıb.