6 Avqust 2021 17:19
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, müraciətdə deyilir:

"Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlıların diqqətinə bir daha çatdırır ki, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.

Bununla əlaqədar olaraq, həmvətənlərimizə hüquqi vəziyyətlərini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməyi, miqrasiya qeydiyyatından keçməyi və ya müvafiq iş patentini əldə etməyi, müddəti keçmiş sənədlərinin vaxtını uzatmağı tövsiyə edirik.

Bunun üçün Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyəti təsdiq edən sənəd, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartı (olduğu təqdirdə) təqdim etməlidir.

Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, həmvətənlərmiz miqrasiya kartının dublikatını almaq üçün faktiki olduqları yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı yaşayır.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq, bir daha hüquqi statusu tənzimlənməmiş həmvətənlərimizi bu məlumatı nəzərə almağı və ən qısa müddət ərzində qəbul olunmuş qərarın tələblərinə riayət edərək lazımi tədbirlər görməyi xahiş edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər