Türkiyədə baş verən meşə yanğınları ilkin hesablamara görə, ölkəyə 35 milyard dollara yaxın ziyan vurub. Təbiətin məhv olması ilə yanaşı, xeyli sayda insan yanğınlar nəticəsində ev-eşiyini itirib. Bəs qarşıdakı dövrdə bu zərərlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Rüzgar Ekoloji İctimai Birliyi”nin sədri, professor İslam Mustafayev Teleqraf.com-un suallarını cavablandırıb.
- İslam müəllim, Türkiyədə baş verən yanğınlardan sonra yanmış meşələrin bərpası üçün hansı addımlar atılmalıdır?
- İlk olaraq yanğın baş verən ərazilər təmizlənməli, yeni fidanlar əkilməlidir. Orada torpaq qatının üzü yanıb. Əlçatmaz zirvələrdə olan yuxarı sahələrə suyun aparılması məsələsi var. O ağaclar 100-200 il əvvəl əkilib. O dövrdə Antalyada yağışlar çox olurdu, dəmyə torpaqlar var idi. İndiki vəziyyətdə orada ağacların böyüdülməsi çox böyük zəhmət və maliyyə tələb edəcək.
Çünki yeni əkiləcək fidanlara su verilmədən bu məsələ həll olunmaycaq. Torpaq qatının daha çox yandığı yerlərdə tinglər daha dərinə basdırılmalıdır, əks halda yanmış humos qatında yeni ağac pöhrələrinin inkişafı çətin olacaq. Kötüyü yanmayan ağaclar isə yenidən cücərəcək.
- Bərpa prosesi neçə il vaxt ala bilər?
- Ən azı 15-20 il vaxt alacaq.
- Siz qeyd etdiniz ki, ola bilər, kötüyü yanmayan ağaclar yenidən bərpa olunsun...
- Bəli, yanğınlardan sonra belə hallar olur. Bəzən yanğından 3-5 il sonra ağaclar özlərini bərpa edə bilir. Əgər yanğın torpağın aşağı qatlarına işləməyibsə, tez söndürüldüyü halda yarı yanmış vəziyyətdə ağacların kötükləri qalır.
Lakin Türkiyədə güclü yanğınlar baş verdi, insanlar ona tez müdaxilə edə bilmədilər. Ümid edək ki, kötükəri sağ qalan ağaclar var. Bir neçə il sonra yenidən inkişaf edəcək ağaclar ola bilər.
- 13 gündür, meşə yanğınları davam edir, onun xeyli hissəsi söndürülüb. Maraqlıdır, həmin ərazidə yanğın hansı təsirləri saxlayır?
- Orada torpağın münbitliyi məhv oldu, torpaqdakı mikroorqanizmlər yandı. Heyvanlar aləmi də böyük zərər gördü. Biomüxtəliflik tamamilə məhv olduğu üçün onun bərpası uzun illər çəkəcək. Yanmış ərazilərin bərpası üçün insan müdaxiləsi lazımdır, yeni meşə salınmalıdır.
- Yanan meşələrin çoxu şam ağacları idi...
- Şam ağaclarında yanan qozalar var. O qozalar od saçan olduğu üçün, partlayır və uzun məsafələrə yayılır. Yanğının geniş yayılmasının əsas səbəblərindən biri də onlardır.
- Yeni meşələrin salınmasında meyvə ağaclarına üstünlük verilsə yaxşıdır, yoxsa şam ağacları?
- Meyvə ağacları çox incə olur, onları becərmək çətindir. Çalışmaq lazımdır ki, o yerlərə əvvəlki ağaclar əkilsin. Meyvə ağacları Türkiyədə çoxdur, şabalıd meşələri var. Amma nə yaxşı bitirsə, onu əkmək lazımdır. Məsələn, Azərbaycanda şaftalını, əriyi əkirik, 2 ildən sonra məhv olur. Birinci il Ordubad əriyi olur, ikinci il Bakı əriyi, üçüncü il heç nə olmur. Belə şeylər etmək olmaz.
Meyvə ağacları çox çətin becərilən, qayğı tələb edən ağaclardır. Yanmış ərazilərə meşə ağacları və o torpağa uyğun ağaclar əkmək lazımdır.
- Bəs oksigen istehsalı cəhətdən hansıları üstündür?
- Yanğınlar Türkiyənin parnik qazları kvotasına çox ziyan verdi. Co² parnik effekti yaradan qazdır. Yaşıllıqlar cücərən zaman metan qazı atılıb. Bu isə Cenevrə konvensiyası qarşısında Türkiyənin öhdəliklərini yetirməsinə maneə törədir.
- Dünya ölkələri meşələrin bərpası prosesinə necə töhvə verə bilərlər?
- Dünya bu məsələdə bir olmalıdır. Ekologiyada "Biz birlikdə güclüyük" deyə şüar var. Amma çox təəssüf edirəm ki, Yunanıstanda eyni anda baş verən yanğınlara qarşı başqa münasibət gördük. Yalnız Azərbaycan canlı qüvvə ilə Türkiyəyə yardım göstərdi.
- Meşələrin yanmasında isti havanın rolu varmı?
- Təbii ki, var. Orada ağaclar hədsiz dərəcədə quru idi, istinin təsiri nəticəsində tökülüb qalmış, budaqları sınmış quru budaqlar daha tez alışırdılar.
- İnsanlar ekologiya qarşısında borcunu yerinə yetirmək üçün hansı tədbirlərə əməl etməlidirlər?
- Hər bir insan öz davranışına cavabdeh olmalıdır. Meşələrdə şüşə qabların olmasına, siqaret kötüklərinin atılmasına yol verilməməlidir. Qaydaları pozan şəxslər yüksək məbləğdə cərimələnməlidir. Məhsul yığımından sonra kənd təsərrüfatı əhalisi arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanlar məhsulu topladıqdan sonra ərazini yandırırlar, bu isə meşələrin yanmasına səbəb olur.