10 Avqust 2021 11:06
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə də təəssüf doğuracaq və üzücü mənzərə, yenə də xoşa gəlməyən, arzu olunmayan rəqəmlər, statistika... Söhbət təbii ki, son günlər ölkəmizdə koronavirus pandemiyası ilə bağlı həm yoluxma, həm də ölüm sayında müşahidə olunan və narahatlıq doğuran artımdan gedir. Hamımız tərəfindən dilə gətirilən, alqışlanılan, razılıqla qarşılanan son yumşaldılma qərarlarından sonra yenə bu bəla, “gizli düşmən”, “çağırılmamış üzlü qonaq” qapımızı döyməkdə, evimizin kandarını kəsdirməkdə, bizlərə zəhərli dişlərini qıcamaqdadır. Əgər cəmi bir ay-ay yarım öncə ölüm halları faktiki yox dərəcəsinə, yoluxma sayları 40-a, 50-yə (və ondan da az) enmişdisə, son iki həftədə yenidən sıçrayış, yüksəliş yaşanmaqda və müşahidə olunmaqdır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O bildirib ki, son günlər yoluxma hallarında qeydə alınanan statistika təhlükəli tendensiyanın xəbərçisidir:

“Bunlar heç də keçici, sıradan rəqəmlər deyil, bunlar növbəti təhlükələrdən, bizləri gözləyə biləcək daha ciddi fəsadlar və itkilərdən xəbər verən, bir növ anons xarakteri daşıyan rəqəmlər, göstəricilərdir. Hər birimiz kimliyindən asılı olmayaraq bu rəqəmlərə ciddi nəzər yetirməli, ciddi düşünməli, arxayınlançılığa son qoymalı, Operativ Qərargahın, aidiyyəti qurumların qaydalarına, qərarlarına, karantin şətlərinə ciddi əməl etməliyik. Hər kəs xüsusilə, qapalı məkanlarda - ictimai nəqliyyatda, restoranlarda, şadlıq evlərində tibbi maskalardan birmənalı və sözsüz istifadə etməli, yeri gələrsə, tibbi əlcəklərdən yararlanmalı və sosial məsafəni gözləməlidirlər. Bu, hər birimizin vətəndaşlıq, insanlıq, bir-birimizə sayğı, hörmət borcumuz, həm də məsuliyyətimizdir”.

Millə vəkili qeyd edib ki, heç kim yenidən qapanmalara, sərtləşdirmələrə qayıdılmasının və gedilməsinin tərəfdarı deyil: “Hamımız çox yorulmuşuq, üstəlik ağır və üzücü 32 illik Haqq mübarizəmizdən sonra qalibiyyət müharibəsindən, zəfər savaşından çıxmışıq. Bütün uğurlarımızla bərabər, müharibədə qaçınılmaz olan itkilərimiz - şəhidimiz, qazimiz var. Təbii ki, qürurluyuq, onlarla iftixar edirik, amma həm də üzülürük, kövrəyik.

Eyni zamanda, pandemiya səbəbindən əhalinin müəyyən kəsiminin maddi-sosial durumunda xeyli çətinliklər özünü göstərməkdədir. Ölkəmiz, dövlətimiz, dövlət başçımız öz vətəndaşının bu bəladan qurtulması, bu çətinliklərdən az zərər görməsi üçün əlindən gələni və gəlməsi mümkün görünməyəni də edib, edir və etməkdədir. Bu məsələdə Azərbaycan modeli ortadadır. Çoxu bizi örnək və nümunə göstərir. Belə olan halda dövlətimizin əməyini, zəhmətini yerə vurmamalı və özümüzü daha da böyük itki, fəsadlarla üz-üzə qoymamalıyıq. İçi mən qarışıq, buna heç kimin haqqı yoxdur”.

Jalə Əliyeva pandemiyanın yenidənn qorxulu hal almaması üçün xalqa müraciət edib: “Gəlin sabahımız, gələcəyimiz üçün yenə həmrəy, yenə birlikdə və birgə olaq. Karantin qaydalarına və şərtlərinə əməl edək. Özümüzü də qoruyaq, özgələrini də. Özümüzü də təhlükəyə, riskə atmayaq, özgələrini də. İnanıram və əminəm ki, belə də olacaq, Uca millətimiz öz həmrəyliyi ilə bu bəladan da birlikdə qurtulacaq, birlikdə xilas olacaq. Erməniyə qalib gələn bu xalq COVID-ə də mütləq qalib gələcək. Bir birlikdə güclüyük və güclü olacağıq!”


Müəllif: Aysel Azad

Oxşar xəbərlər