10 Avqust 2021 14:03
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus mutasiyaya uğramaq xüsusiyyətləri ilə digər viruslardan seçilir. Yəni, bu tip viruslar çox tez-tez mutasiyaya uğrayır. Bu amil pandemiyaya başlayanda da bilinirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib.

Komitə üzvü virusun mutasiyaya uğraması ilə bağlı olan detallara da aydınlıq gətirib:

“Virus yaşadığı mühiti məhv etmək istəmir. Sadəcə ondan qidalanmaq istəyir. Vaksinləşmə prosesi başlayanda virusun özü vaksinə qarşı mübarizə aparmaq üçün yeni bir formaya düşür. Cənubi Afrika, London, Delta ştammları adı altında biz virusun mutasiyaya uğradığını müşahidə etmişik”.

Deputat söləyib ki, bu virusla yeganə mübarizə növü ona qarşı peyvəndin aparılmasıdır:

“Bu, pandemiyaya qarşı mübarizədə “qızıl açar” hesab olunur. Digər mübarizə üsullarından olan maska, məsafə, dezinfeksiya, yəni 3 əsas qaydaya da ciddi riayət olunmalıdır. Bu qaydalara əməl etmək, ictimai tədbirlərdən uzaq durmaq başlıca şərtlərdəndir”.

Millət vəkili hesab edir ki, pandemiyaya qarşı mübarizədə tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan, toylara və digər tədbirlərə icazə verildikdən sonra yoluxmada artım qeydə alınır:

“Bəzi hallarda 150 nəfərlik nərəzərdə tutulan toylara 300-dən artıq adamın dəvət olunması, sözsüz ki, arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Eyni zamanda yas mərasimləri, nişan və ad günlərinin kütləvi şəkildə keçirilməsi yoluxma sayının artmasına səbəb olur”.

İlham Məmmədova görə, artan yoluxma sayı ölüm və bir sıra arzuolunmaz hallara yol açır:

“Bu mənada yoluxma sayının artması pandemiya qaydalarının yenidən sərtləşməsinə səbəb ola bilər. Çünki pandemiyaya qarşı mübarizənin əsas şərti təcrid etməkdir. Buna lüzum yaranacaqsa, belə addımlar atılacaq. Qaydalara ciddi əməl olunsa, peyvəndləmənin kütləviliyi təhlükənin qarşısını almağa imkan verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər