Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a açıqlamasında deyib.
E.Hacıyev bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqədar müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün feysbukdakı səhifəsində canlı yayım edərək onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.
Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.
“Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə ciddi əməl etsinlər”, - deyə E.Hacıyev bildirib.