Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Sərdar bəy, sizcə, siyasi müxalifət niyə feministləri dəstəkləmir? Feminizm qadın azadlıqlarının bir hissəsi deyilmi?
- Azərbaycanda feminist hərəkatı adı altında gedən proseslərin feminizmə heç bir aidiyyəti yoxdur. Feminizmin əsas məqsədi qadını kişilərin seksual obyekti olmaqdan azad etmək, qadınların seçki, təhsil, işləmək hüquqlarını təmin etməkdən ibarətdir. Azərbaycanda bu üç hüquq Konstitusiyada təsbit olunub və praktikada heç kəsin bu hüquqları məhdudlaşdırılmayıb.
Radikal feminizm Avropada da qadağan olunub. Bu gün meydana çıxan qızlarımız qadın azadlığını fahişəlik azadlığı kimi başa düşürlər. Ona görə də Azərbaycanda feminizm hərəkatına heç bir əsas yoxdur. Çünki Azərbaycan Konstitusiyasının müddəaları qadınlara feminizm hərəkatının müdafiə etdiyi hüquqları verir.
- Azərbaycan feministlərinin özəllikləri varmı? Dünyadakı feminist hərəkatından nə ilə fərqlənirlər?
- Azərbaycanda seksual azadlıq uğrunda mübarizə gedir. Bu da klassik feminizmin idarə üsuludur.
- Feministlər niyə cinsi azlıqlar arasında dəstək görürlər?
- Radikal feminizmin əksinə davranırlar. Lezbiyan hərəkatı düşünür ki, qadın qadından həzz ala bilirsə, o zaman kişiyə ehtiyac qalmaz.
- Bu, sizin dediyiniz "feministlər əslində fahişə azadlığı istəyir" fikrinizin təsdiqidirmi?
- Amerikada 1966-cı ilə qədər qadınlara seçki hüququ verilmirdi. Ancela Devis başda olmaqla bir çox qadınlar feminist hərəkatı yaratdılar. Avropanın bir çox ölkələrində qadınlara işləmək hüququ verilmirdi. Bu gün Səudiyyə Ərəbistanında feminizm hərəkatına böyük ehtiyac var, çünki qadınların əksər hüquqları məhdudlaşdırılıb.
Amma Azərbaycanda qadınlara seçki hüququ 1918-ci ildə verilib. Konstitusiyamızda qadınların seçki, təhsil hüququ təmin olunub. Bizdə belə problem yoxdur ki, onu həll etmək üçün feminizm hərəkatı da yaransın. Problem olmadığı üçün feminizm adı altında fahişəliyin təbliğ edilməsi, ailə institutunun dağıdılması, milli dəyərlərə zidd ideyaların inkişaf etdirilməsi istiqamətində bir neçə adam birləşib xaricdən qrant alır və adını feminizm qoyur.
- Qadının öz bədəni ilə sərbəst davranışı onun azadlığının tərkib hissəsi sayıla bilərmi?
- Bu, feminizm deyil. Əksinə, feministlər qadınları kişilər üçün seksual obyekt olmaq, qadını özünü seksual obyekt kimi dərk etməkdən xilasa cəhd edirlər. Məqsədləri qadının özünü sosial varlıq kimi dərk eləməsi, dövlətin, cəmiyyətin həyatında aktiv iştirak etməsi, özünün iqtisadi cəhətdən müstəqilliyini təmin edə bilməsidir. Seksin buna nə aidiyyəti var?
Bizim feministlər fahişəliklə feminizmi qarışdırırlar. Fahişəliyi təbliğ etməklə qadın azadlığını təbliğ etdiklərini düşünürlər.
Qadınların öz bədənləri ilə istədikləri kimi rəftar etmək hüququ dünyanın heç bir yerində yoxdur. Qurana görə, bədən Allah tərəfindən insana verilmiş əmanətdir, verildiyi kimi də Allaha qaytarılmalıdır. Dünyanın heç bir millətində qadın əxlaqsızlığı nə təbliğ olunur, nə də qəbul edilir.
- Cinsi azlıqların müdafiəsi məsələsi gündəmdədir, müvafiq qanun qəbulu düşünülür. Sizcə, bu məsələləri gündəmə çıxarmaqla nəyə nail olmaq istəyirlər?
- Cinsi azlıqların hüquqlarının genişləndirilməsinin arxasında dünya əhalisinin sayının azaldılması dayanır. Böyük sürətlə dünyada əhali artımı baş verir. Onun qarşısını almaq üçün müxtəlif üsul və metodlar seçilib. Bu üsullardan biri də kişinin kişi, qadının qadınla evlənib dünyaya uşaq gətirmək imkanlarının aradan qaldırılmasıdır.
Digər üsul seksual potensialın qarşısını almaq, impotentliyi yaymaq, xüsusi dərman və qidaları geniş şəkildə təbliğ etməkdir. O hüquqların, xüsusilə azlıqlar arasında ailə əlaqələrinin yaradılmasına icazə verilməsi də bununla bağlıdır. Başqa izah yoxdur...
- Sizə elə gəlmirmi ki, onların haqları da qanunvericiliklə nəzərə alınmalıdır?
- Təbii ki, ayrı-ayrı ölkələrdə bu məsələlərə fərqli yanaşmaq lazımdır. Məsələn, bütün dini ölkələrdə homoseksuallıq qadağan olunub. O yerdə ki, dini dəyərlər var, belə məsələlərə yer vermək olmaz.
Ateistlər isə müstəqildirlər, istənilən addımı ata bilərlər. Bizim dinimiz buna icazə vermir. Belə bir yola düşən zaman ilk olaraq dindən imtina olunmalıdır. Həm dinə inam, həm də cinsi azlıq olmaq düzgün deyil.
- Azərbaycanda eynicinli şəxslərin evlənməsinə icazə verilməsi təklifi ilə çıxış edənlər də var. Buna münasibətiniz necədir?
- Azərbaycan üzərinə bir çox beynəlxalq öhdəliklər götürüb. Azlıqların hüquqlarının müdafiəsi beynəlxalq hüquq normaları kimidir. Burada söhbət siyasi azlıq, cinsi azlıq və bu kimi şəxslərdən gedir. Cinsi azlıqlar bu qrupdan ayrılmayıb, birbaşa azlıq kimi qeyd olunur. Bir halda ki, azlıqların hüquqlarının müdafiəsi dövlətlərin üzərinə öhdəlik kimi qoyulub, cinsi azlıqlar da bu qəbildən olduqları üçün birbaşa bu qrupa düşürlər. Xüsusi olaraq cinsi azlıqlarla bağlı qərar vermək yanlışdır.
Azərbaycanda həmcinslərin evlənməsi üçün gərək Ailə Məcəlləsinə dəyişiklik edilə. Düşünürəm ki, Ailə Məcəlləsi ilə bağlı qərar Azərbaycanda keçərli olmaz. Çünki belə ailələrin yaranması qərbin maliyyə dəstəyi ilə həmin hərəkatın daha da genişlənməsi üçün, müsəlman ölkələrində özünə yer tapması məqsədilə təşviq edilir.
- Bəs qarşıdakı müddətdə necə, buna icazə verilə bilərmi?
- Hadisələr belə göstərir ki, bəlkə də... 14-15-ci əsrlərə baxsaq, Fransada namus məsələsi bizdəkindən daha kəskin idi. Amma 18-ci əsrdə qadın da, əri də sevgilisini evə dəvət edə bilirdi... Ailədaxili münasibətlər bu dərəcədə dəyişdi. Bu, bəşəriyyətin keçdiyi yoldur, başqa xalqlar da keçəcək.
Məsələn, müharibə vaxtı oğlan uşaqları həddən artıq çox doğulur, homoseksual meyillər olmur. Bu da əhali artımı ilə bağlı məsələdir. Təbiət özü özünü tənzimləyir.
Homoseksuallıq təkcə insanlarda yox, heyvanlar aləmində də var. Məsələn, Avstraliyada balıqlar üzərində təcrübə aparıblar. Bütün dişiləri öldürüb, erkəkləri saxlayıblar. Nəsli davam etdirmək lzım gəlib. Erkəklərdən bir neçəsi dişiyə çevrilib.
Təbiətdə homoseksuallıq var, amma insan cəmiyyəti yalnız biologiya ilə yox, həm də şüurla idarə olunur. Mənə elə gəlir ki, etnik dəyərlər qüvvədə qaldıqca, Azərbaycanda belə hallara icazə verilməyəcək.
Avropada insanlar kilsələrə getmir, kilsələr ya otel, ya restoran, ya qocalar evidir. Orada milli məsələ yox dərəcəsindədir. İnsan milli kimliyini itirdiyi üçün orada belə qərar qəbul etmək asandır. Amma Azərbaycanda bu dəyərlər ciddi şəkildə qorunur.
- Cinsi azlıqlar hərdən aksiya keçirir, hüquqlarını tələb edirlər. Onların hansı hüququ əllərindən alınır ki, aksiyalar təşkil edirlər?
- Bu davranışların bir çoxu Azərbaycanda neqativ halların inkişaf etməsi üçün qərbdən dəstək alır. Bütün dünyada qəbul edilmiş qayda belədir ki, azlıqların hüquqları tanınmalıdır, amma onlar çoxluqların hüquqlarına mane olmamalıdırlar.
Bu baxımdan azlıqlar üçün xüsusi yerlər ayrılmalıdır. Onların vaxt keçirməsi üçün ayrıca kafe, hamam, sauna, parklar tikilməlidir. Problemlər bu yolla həll olunmalıdır. Lakin bizim cəmiyyətdə heç kəsi azlıq olduğuna görə işdən qovmurlar, heç kəs cinsi azlıq olduğu üçün təhsilini yarımçıq saxlamır.
Məsələn, bəziləri əsgər getməmək üçün yalandan deyir ki, cinsi azlığam, yaxud mühacirətə yollanmaqdan ötrü bunu bəhanə edirlər.
- Qadınlarla kişilərin hüquqları qanunla bərabər sayılır, amma reallıq fərqlidir. Buna nail olmaq mümkündürmü?
- Əslində Azərbaycanda qadınlarla yanaşı, kişilərin də hüquqları pozulur. Total pozuntular olduğuna görə bəzi kişilər də ailə daxilində qadınların hüquqlarını pozur. Hüquqi rejim gücləndirilməlidir.
- Kişilərin hüquqları hansı hallarda pozulur?
- Kişilərin təhsil hüquqları, dövlətin işlərində iştirak hüquqları pozulur, partiyalarda birləşə bilmirlər. Konstitusiyada vətəndaşa verilən hüquqların əksəriyyəti həm qadınlar, həm kişilərdə pozulur.
- Bir fikrinizdə demişdiniz ki, qadınlar kişilərlə bərabərhüquqlu olmaq istəyirlərsə, əsgər getsinlər. Sizcə, kişilərin əsgər göndərilib, qadınların göndərilməməsi onların hüquqlarının pozulmasına dəlil göstərə bilər?
- Qadınlarla kişilər qanun qarşısında formal olaraq bərabər olsalar da, praktikada belə bir şey yoxdur. Bizim qanunlarda faktiki qeyri-bərabərlik nəzərə alınıb və qadınlara üstünlüklər verilib. Qanun qarşısında bərabər olsaydın, niyə əsgərliyə getmirdin? Deməli, sənə müəyyən güzəştlər olunur.
Bu güzəştlər də konkret bir dinə və millətə mənsub olduğuna görə verilir. Əgər sən o dəyərlərə hörmət etmirsənsə, əsgərliyə də get... Halbuki güzəşt hüququn müsəlman olduğuna görə tanınıb.
Mən demək istəyirdim ki, gərək müsəlman, türk qadını kimi yaşayasan, dəyərlərə hörmət edəsən. Əgər dəyərlərə hörmət etmirsənsə, kişi kimi əsgər gedib, ağır işlər görməlisən. Qanun qarşısında bərabərlik bunu tələb edir. Amma təbiətdə bu iki cins bərabər deyil. Qadının ağır iş görməsi mümkün olmadığı kimi, kişinin də uşaq dünyaya gətirməsi mümkünsüzdür. Formal bərabərliyə münasibət bildirərkən faktiki qeyri-bərabərlik də nəzərə alınmalıdır.
- Feministlər deyirlər ki, islam dinini kişilər yaratdığı üçün qadınların hüquqları orada da sıxışdırılır. Dində qadına münasibət necədir? Qadın hüquqları əllərindən alınırmı?
- Təkcə dində belə deyil, bu günkü mədəniyyətə də kişi mədəniyyəti deyilir. Çünki müasir mədəniyyət birbaşa kişilərin iştirakı ilə yaradılıb. Dövlət quruculuğu, incəsənət, hərb, elm kimi sahələr bilavasitə kişilərin sayəsində inkişaf edib. Bu, kişilərin daha çox cəmiyyət arasında məsuliyyət daşıması ilə bağlıdır.
Müharibələri kişilər edir, ağır işləri kişilər görür, ailənin qorunması kişinin üzərindədir. Bir halda ki, kişiyə bu qədər öhdəlik qoyulur, onun səlahiyyətinə də əlavə olmalıdır. Ailənin, cəmiyyətin ağırlığı kişinin üzərinə düşsün, eyni zamanda kişinin heç bir üstün hüququ olmasın... Belə düz deyil axı.
Qadınla kişinin psixoloji və bioloji fərqi odur ki, qadın daxilə, kişi xaricə yönəlik varlıqdır. Ona görə də qadın bir qayda olaraq ocağa bağlı olur, evə meyl edir. Kişi isə evdən kənarda həyat keçirməyə meyllidir. Bütün bunlar ona gətirib çıxarır ki, qadınlar evdə ağadır, kişilər çöldə.
Qadınlar sülhsevər, demokratik düşüncəli, kişilərsə döyüşkən olurlar. Qadınlar qurucu, kişilər dağıdıcıdır. Bunların hamısı cinsi fərqlərlə bağlıdır.
- Etiraf edək ki, Azərbaycanda haqqı tapdanan, kişilərin işgəncələrinə məruz qalan qadınlarımızın sayı az deyil. Buna səbəb nədir? Siz qadının kişi tərəfindən döyülməsinə haqq qazandırırsızmı?
- Zorakılıq təkcə kişilərdən qadınlara qarşı yox, həm də qadınlar tərəfindən kişilərə tətbiq olunur. Dəfələrlə qadınların həyat yoldaşını öldürdüyünün şahidi oluruq. Dünyada feminst hərəkatla yanaşı, maskulin hərəkatı da var. Dörd böyük kişi hərəkatından söhbət gedir ki, onlardan biri də kişiləri qadın zorakılığından qoruyur və dünyada çox geniş yayılıb.
Məsələn, Avropada ərini öldürən, ərə gedərək onun mülkiyyətinə sahib çıxan qadınlar var. O qədər ciddi problemdir ki, kişilərin hüquqlarını qorumaq üçün belə hərəkatlar yaradılıb. Zorakılıq bütünlükdə qadın-kişi münasibətində deyil.
Geridə qalmış, iqtisadi cəhətdən ağır vəziyyətdə olan ailələrdə zorakı xarakterli problemlər olur. Vaxtı ilə Klara Setkinlə Roza lüksemburq Karl Marksla mübahisə edirdilər ki, təkcə proletar hüququ tanımaq düzgün deyil. Çünki proletarın daxilində kişinin qadına münasibəti komendantın fəhləyə münasibəti kimidir. Ona görə də xüsusi qadın hüquqları təsbit olunmalıdır. Amma bu, proletarın parçalanması demək olardı. Beləcə arqument gətirildi ki, qadın ayrıca hüquqa malik ola bilməz, o, fəhlə və kəndli hüququ əldə edə bilər. Bu, illərdir müzakirə olunan məsələdir.
- Sizcə, zorakılığın yaranması səbəbləri nədir?
- Zorakılığın doğuran səbəblər müxtəlifdir. Bilirik ki, mədəni, təhsilli adamlarda zorakılıq meyilləri az olur. Əksinə, nadan, yoxsul adamlar zorakılığa əl atır. Digər tərəfdən, müharibədə iştirak edənlər, qaçqın-köçkün həyatı yaşayanlar psixoloji travma alır. Psixoloji travmanın kimdə daxili travma yaradacağını isə qabaqcadan müəyyən edə bilmirik. Bunlar ailə zorakılığına gətirib çıxara bilir. O qədər səbəblər var ki...
Bu, fərdin qadın və kişi olması ilə yox, onun psixologiyasına təsir edən faktorlarla bağlıdır. Biz həmin faktorlara qarşı mübarizə aparmalıyıq.
- Ümumiyyətlə, ailədə kişi qadınla necə rəftar eləməlidir? Sizcə, qəzəblənmiş kişi qadınını cəzalandıra bilərmi?..
- Sosialogiyada belə bir məsələ var, iki adam birlikdədirsə, mütləq biri lider olmaldır. Dini və milli dəyərlərimiz kişinin liderliyini məsləhət görür. O yerdə ki, qadın kişinin liderliyini qəbul eləmir, orada kişi öz hakimiyyətini qadına qəbul etdirmək üçün zorakılıqdan istifadə edir.
Qadının özünün də kişi hakimiyyətini qəbul etməsi vacibdir. Şüurlu olaraq ərə gedən bir qadın bilməlidir ki, ailə daxilində kişinin onun üzərində hüquqları var. Öhdəliklərinə isə qadını qorumaq, maddi baxımdan təmin etmək, övladların böyüməsinə cavabdehlik daşımaq kimi hallar daxildir. Üzərinə bu qədər öhdəlik qoyulan kişinin əməyinə dəyər verilmirsə, o, həmin öhdəliklərinin heç birini yerinə yetirməyə maraq göstərmir. Öhdəliklərlərin icra edilməsi üçün kişinin əlavə səlahiyyətləri olmaldır.
Bəzi qadınlar bu üstünlükləri qəbul etməkdə çətinlik çəkir. Ona görə qadın kişiyə tabe olmur və ailədə konfliktlər, zorakılıqlar meydana çıxır. Elmi şəkildə sübut olunub ki, ailədaxili münasibətlərdə 90 faiz pozuntular seksual uyğunsuzluqla əlaqəlidir.
Hətta bir-birini Leyli və Məcnun kimi sevənlər arasında da cinsi həyatda problemlər meydana çıxa bilər. Ona görə də ailələrimizə, xüsusilə gənclərə ciddi psixoloji yardım lazımdır. Ailədaxili münaqişələrin səbəbləri araşdırılıb, ona uyğun dəstək göstərilməlidir. Zorakılığa qarşı maarifləndirmə işi də aparılmalıdır.