Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin iki dozasının vurulması xəstəliyə qarşı ömürlük immunitet yaratmır. Qazanılmış immunitet vaxt keçdikcə azalır. Ona görə də peyvəndin iki dozasını alanlara üçüncü dozanı vurdurmaq da tövsiyə edilir. Üçüncü doza qüvvətləndirici dozadır, yəni orqanizmdə xəstəliyə qarşı yaranan anti-cisimləri artırır.
Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, COVID-19-un yeni ştamlarından qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “Üçüncü - qüvvətləndirici (buster) doza xüsusilə tibbi işçiləri üçün tövsiyə edilir. Çünki onlar koronaviruslu xəstələrlə daha çox təmasda olurlar. Həmçinin yaşlıların və xroniki xəstəliklərdən əziyyət çəkənlərin də “buster” doza qəbul etmələri məsləhətdir. Təbii ki, bu, məcburi deyil, burada iqtisadi maraq güdülməməlidir. Vətəndaşlara koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulması dünya təcrübəsinə əsasən məqsədəuyğun hesab edilir. Vaksinasiyanın üçüncü mərhələsində ölkədə koronavirus əleyhinə istifadə edilən istənilən vaksin növündən istifadə edilə bilər. Yəni, birinci və ikinci dozaların hansı vaksin növündən olması fərq etmir”.