Qlobal pandemiya elan ediləndən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının çağırışlarına ilk reaksiya verən ölkələrdən olub. Pandemiya ilə effektiv mübarizənin təşkili ilə bağlı ÜST-ün tövsiyələri ölkəmizdə tətbiq edilib. Sözsüz ki, dünyanı cənginə alan pandemiyanın bir sıra çətinliklər yaradacağı bəlli idi. Bu riskləri öncədən doğru-düzgün qiymətləndirib vacib qərarların verilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycan öz vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi və iqtisadi təminatını həyata keçirmək, pandemiyanın təsirlərini azaltmaq məqsədilə mühüm proqramlar qəbul edib: “Sərt karantin dövründə aylıq məvaciblərin ödənilməsi, aztəminatlı ailələrə birdəfəlik yardımların edilməsi, zəruri tibbi ləvazimatların qısa zamanda ölkəmizdə istehsalı vacib amillərdən hesab olunurdu”.
Deputat hesab edir ki, ölkəmizdə pandemiyanın təsirlərini azaltmaq, yoluxmadakı kütləviliyin qarşısını almaq məqsədilə tətbiq edilmiş qaydalar epidemioloji vəziyyət nəzərə alınaraq tədricən yumşaldıldı: “İri ticarət mərkəzləri açıldı, toy məclisləri, rayonlara gediş-gəlişin bərpası təmin edildi. Amma bu yumşalmalar son iki həftədə yoluxma faizindəki mənfi tendensiyanın artmasına səbəb olub. İnsanların kütləvi tədbirlərdə iştirakı, qapalı məkanlarda maskadan istifadə halları ilə bağlı məsələlər sözsüz ki, yoluxmanın hər gün nisbəti ilə artıran səbəblərdir. Eyni zamanda çox təhlükəli virus olan COVID-19-un mutasiyaya uğrayaraq yeni ştammları meydana çıxır. Bu da özlüyündə yeni bir risk yaradır. Çünki koronavirusun yeni ştammı olan “Delta”nın artıq Azərbaycana qonşu ölkələrdə yayılması halları müşahidə olunur. Azərbaycanda da bu ştammı yoluxma ilə bağlı risklər böyükdür. Bu mənada insanların bir qədər də məhsuliyyəli olması tövsiyə olunur”.
Azər Badamov bildirib ki, hazırda virusa qarşı ən effektiv metod vaksinasiyadır: “Çünki vaksin olunan şəxsin yenidən virusa yoluxduğu halda onun xəstəliyi ağır keçirməsi və ölüm riski olmur. Bu səbəbdən də insanlarımızı vaksinasiya prosesində fəal olmağa, öz sağlamlıqlarını qorumağa və cəmiyyətin təhlükəsizliyi naminə töhfə verməyə çağırırıq. Bu qaydalara əməl etməmək nəticədə yoluxmada təhlükəli həddin yaranmasına sərt karantin qaydalarının yenidən bərpasına yol aça bilər”.