Türkiyəli Gürsel Turqutun sözlərinə görə, qulaq arxasından alınan fibroblast hüceyrələri laboratoriyada xüsusi şəraitdə çoxaldaraq dəriyə tətbiq etməklə onun yaşlanma prosesini 3 il dayandırmaq mümkündür.
Teleqraf.com Professor Publika.az-a müsahibəsində bildirib ki, fibroblast hüceyrələrdən əldə edilən fibrogellər dərinin parlaqlığında, elastikliyində və yaraların sağalmasında ciddi rol oynayır.
Məlumat üçün bildirək ki, 23-25 avqust tarixlərində Türkiyədən dəvət olunmuş Estetik, Plastik və Rekonstruktiv Cərrah, kök hüceyrəsi transplantasiyası üzrə mütəxəssis, Genkord – kök hüceyrə bankının sahibi və Tibbi Direktoru Prof. Dr. Gürsel Turqut “Leyla Medical Center”də xəstələri qəbul edəcək və kök hüceyrəsi transplantasiyası əməliyyatını həyata keçirəcək.
- Həkim, fibroblast nədir?
- Dəridə elastik liflər istehsal edən hüceyrələrə fibroblast deyilir. Fibroblast hüceyrələrin özəlliyi odur ki, dərinin elastikliyini və möhkəmliyini təmin edən kollagen lifləri istehsal edirlər. Qulaq arxasından çox kiçik bir dəri kəsilərək içərisindəki fibroblastlar alınır və 4-6 həftə ərzində laboratoriyalarda xüsusi şəraitdə çoxaldılır. Nəticədə hüceyrəvi müalicə üçün yararlı hala gətirilir.
- Fibroblastlar niyə qulaq araxasından alınır və qalıcığı nə qədərdir?
- Vücudumuzdakı digər bölgələrə görə günəşdən və ətraf mühitin digər təsirlərindən ən az zərər görən nahiyə qulaq arxasıdır. Odur ki, qulaq arxasındakı dərinin keyfiyyəti və elastikliyi daha yaxşı vəziyyətdə qalır. Əldə olunan fibroblastlar dərinin çökən yerlərinə vurulur. Bir qayda olaraq qırışmış hissələrə və həcm vermək məqsədiylə dəriyə inyeksiya edilir.
Çoxalmış fibrogelləri üç hissəyə bölərək 296 dərəcədərə saxlayır və daha sonra tək-tək tətbiq edirik. Adətən 3 həftə və ya 3 aylıq fasilələrdə 3 seanslıq müalicə edirik, bir seanslıq müalicəni heç kimə tövsiyə etmirik.
Fibroblast məhsulları bazarda fibrogel olaraq tanınır. Bunlar, içində sadəcə hüceyrənin olduğu su şəklində mayedir. Biz bunların istehsalına 2015-ci ildə başlamışıq. Fibrogeli qaş arası, çənə kənarları kimi yetərli həcm olmayan yerlərə tətbiq edirdik. Ancaq dolğu effekti almaq və vurulan yerə həcm verməsini istəyiriksə, o zaman hazırladığımız hüceyrələri toxuma mühəndisliyi məntiqi ilə şəxsi qanınızla hazırlanan plazmagelin içərisinə yerləşdirir və hialuron turşusu kimi onu dolğu halına gətiririk. Fibrogel əslində insana özəl dolğu müalicəsidir.
- Fibrogelin hər kəsə özəl hazırlanmasının üstünlüyünü izah edərdiniz.
- Xəstənin üzündəki deformasiyaların səbəbləri fərqlidir. Kimisində sadəcə lif, kimisinin dərisində çökmə və ya sızanaq problemləri var. Odur ki, bütün dəri problemlərinin tək bir məhsulla standart müalicə edilməsi mümkün deyil. Məhsullar şəxsə özəl və lazım olan miqdarda hazırlanmalıdır ki, effektiv nəticə əldə etmək mümkün olsun. Bazarda satılan dolğular hazır və ya tərkibində hialuron turşusu olan dolğulardır, fibrogelin digər bir özəlliyi odur ki, sizin şəxsi hüceyrələrinizdən hazırlanır. Ümumiyyətlə, şəxsə özəl müalicə üsulları bu gün xərçəng də daxil olmaqla, bir çox xəstəliklərin müalicəsində effektli nəticə əldə etməyə imkan verir.
Bu maddələrin allergik reaksiya vermə ehtimalı sıfırdı, hər hansı kanserogen maddə ehtiva etmir və mənfi təsirləri yoxdur. Bədənə inyeksiya edildikdən sonra təsiri getdikcə artır. Digər dolğular isə ilk həftələrdə çox gözəl görünsə də, getdikcə təsiri azalır və 6-8 ay ərzində əriyib yox olur. Fərdi dolğular inyeksiya edildiyi yeri getdikcə gözəlləşdirir. Aparılan araşdırmalar göstərir ki, şəxsə özəl hazırlanan dolğuların qalıcılığı təqribən 3 ildir və bu il ərzində çox yaxşı nəticələr əldə edirik.
- Reu şəxsə özəl kremlər nədir və necə hazırlanır?
- Yenə qulaq arxasından alınan dəri toxumasından fibroblastlar ayrılır və eyni qaydada çoxaldılır. Bu qiymətli mayenin özəlliyi öz hüceyrələrinizdən əldə olunması və hər hansı allergik reaksiya yaratmamasıdır. İçində bol miqdarda kollagen lifi ehtiva edən bu mayedən gecə-gündüz və göz ətrafı kremlər istehsal edilir. Tərkibindəki maddələr hər kəsə görə dəyişir.
Günümüzdə markaların istehsal etdiyi hər hansı bir kremi Azərbaycanda da, Afrika ölkəsində də yaşayan həm gənc, həm də yaşlı insanlar istifadə edir. Biz sizin hüceyrələrinizdən əldə edilən serumu kremlərə daxil edirik, digər maddələrin miqdarı isə dərinizin quru, nəmli və qarışıq olmasından asılı olaraq dəyişir. Beləliklə reu-krem dəsti ortaya çıxır. Reu-krem dəstinin dünyada bənzəri yoxdur.
- Yaşlanma prosesini təbii üsullarla ləngitməyin yolları varmı?
- Sağlam yaşam reu ilə əlaqəli mövzudur. Hər hüceyrənin bir DNT-si var, DNT liflərinin ucunda isə xromosomlarımızı qoruyan telomerlər mövcuddur. Telomerlər bizim bioloji saatımızdır. Bioloji saat insanlarda demək olar ki, eynidir. Lakin telomerlərin qısalma sürəti insanın yaşam tərzindən asılı olaraq dəyişir. Onlar bəlli bir ölçüyə çatanda ölüm gerçəkləşir.
Ya xərçəng, ya şəkər xəstəliyi, ya infarkt, ya yüksək stress, ya da yuxu pozğunluğu nəticəsində telomerin yaşam müddəti qısalır. Bunu uzatmaq üçün insanlara hüceyrəvi müalicə məhsulları ineksiya edirik. Bu sayədə bədəndə meydana çıxan hər hansı problemin qarşısını ala bilirik. Kök hüceyrələr vücudda görünməyən təsirlərin inkişafını dayandıraraq ömrümüzü uzadır.