Ötən gün ölkə başçısı İlham Əliyev ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yolunda çıxışı zamanı Basarkeçər rayonundan bəhs edib. Prezident bildirib ki, düşmən Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yolu bu ərazidən çəkib. Bəs, Basarkeçər haradır? Bu rayon haqqında nə bilirik?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, türk dillərində kürən, sarışın mənasını verən kuman türk tayfaları eradan əvvəlki minillikdə Qədim Azərbaycanın qərb qonşuluğunda yaşadığını, eradan sonrakı minillikdə isə zaman-zaman Avropanın ortalarına doğru hərəkət etdiyini göstərir.
Onun sözlərinə görə, məhz Kuman türk tayfalarının ilkin yaşayış məskəni Basarkeçər olub:
“Basarkeçər bölgəsinin qədim sakinləri olan kuman türk tayfaları barədə qədim Urartu mənbələri yazırlar. Hətta burada Kuman qalasının eramızdan əvvəl VII-VI əsrlərdə salınması barədə mənbələrdə qeydlər var. Basarkeçər kəndinin cənub-şərqində, Daşkənd yolunun təxminən ikinci kilometrinə uyğun gələn bir ərazidəki eramızdan əvvəlki dövrün III yüzilliyinə aid qədim qalanın bünövrə qalıqları birmənalı şəkildə deməyə əsas verir ki, oğuz türkünün bu kənddə məskunluğunun tarixi azı 2000 illik bir dövrü əhatə edir.
XVI əsrə dair sənədlərdə isə Basarkeçər Səfəvi Azərbaycan dövlətinin Qarabağ(Gəncə) bəylərbəyliyinə daxil olan ən iri yaşayış məskənlərindən biri kimi qeyd edilir. 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış "İrəvan əyalətinin icmal dəftəri"nin 16-cı səhifəsində Basarkeçərin sırf türk kəndi olduğu vurğulanır”.
Zaur Əliyev qeyd edir ki, Basarkeçər sözünün toponimi barədə müxtəlif versiyalar var, lakin ağlabatan versiyalardan biri budur ki, toponim qıpçaq mənşəli “bazar/basar” etnoniminə qeyri-qəti gələcək zamanda işlənən keçər sözünün qoşulmasından əmələ gəlib: “ Daha bir versiya da Kitabi- Dədə-Qorqud dastanından yarandığı deyilir. Göyçənin el yaddaşında daşlaşmış rəvayətlərindən birinə görə, ilkinliyində bu toponim "Basatkeçən" şəklində olmuşdur. El arasında bir versiya da belədir ki, Əmir Taymur buranı tutur. Bir müddət sonar yerli əhali Teymurun dəstələrinə hücum edir və kəndi geri qaytarır. Bundan sonra kəndin adı Basarkeçər qalır”.
1828-ci il Türkmənçay müqaviləsi bağlandıqdan sonra İrəvan ərazisinə kütləvi şəkildə ermənilər köçürülməyə başlanıb, bununla birlikdə yerli əhalinin, yəni biz türklərin İrəvan ərazisindən qovulmasına start verilib. Beləliklə, paralel olaraq İrəvan ərazisindəki yer adları da dəyişdirilib, erməniləşdirilib. Zaur Əliyev bildirir ki, adı erməniləşdirilmiş şəhərlərimizdən birisi də hazırda Vardenis adlandırılan Basarkeçər şəhəridir: “1826-1829-cu illərdə erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında həyata keçirdikləri soyqırım zamanı Basarkeçərin azı min illik tarixi olan Ağkilsə kənd əhalisi kütləvi qətliama məruz qalır. Sağ qalanlar isə o qədər az olurlar ki, kəndi bərpa etməyə gücləri çatmır. 4 may 1918-ci ildə burada qanlı faciə baş verib. Terrorçu Andranikin qoşunu gizli yolla Basarkeçər ərazisinə gətirilir. Onlar gecə qəflətən müsəlmanların yaşadıqları kəndlərə hücum edərək onları yandırırlar. Dinc əhali vəhşicəsinə qətlə yetirilir. Rayonun nüfuzlu şəxsi olan Aşıq Nəcəf belinə bağlanmış qaynar samovarla yandırılaraq öldürülür.
12 mart 1922-ci il tarixindən 5 dekabr 1936-cı il tarixinədək Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil olur. Azərbaycanın ZSFSR-ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya İmperiyası sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilir”.
Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Professorun sözlərinə görə, rayon 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis adlandırılıb: “Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər, sonradan adı dəyişdirilərək Vardenis qoyulub. Ermənistan SSR-nin rayonlaşdırılması ilə əlaqədar Göyçə mahalının kəndləri əsasən Vardenis (1969-cu ilədək Basarkeçər) və Krasnoselsk rayonları tərkibinə daxil edildi.
Vardenis rayonu Göyçə mahalının əsas hissəsini özündə birləşdirir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Basarkeçər rayonu həmçinin məşhur Azərbaycan el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.
1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülüb. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılıb. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Basarkeşər nahiyəsinin təbii-coğrafi şəraitinin və tarixi keçmişinin Azərbaycan dövlətçiliyi tarixində siyasi-hərbi, ictimai-iqtisadi, maddi-mənəvi və mədəniyyət özəlliyi onunla ölçülür ki, bu bölgə minilliklər boyunca müxtəlif mənşəli yer adları ilə yanaşı ictimai-siyasi hadisələrin mahiyyəti də daxil olmaqla sırf xristianlığa qədərki Alban və müsəlman-türk etnogenezisini özündə yaşadıb, qoruyub saxlayıb və inkişaf etdirib. Rayonun Nərimanlı kəndinin şimalındakı Balatəpə dağında e.ə. II-İ əsrə aid Alban mədəniyyətini əks etdirən yazılı, xaç nişanlı bazalt lövhələr tapılıb, 1960-cı illərdə həmin ərazilərdə əkin şumu aparılan zaman hətta, İrəvan şəhərindən təcili həmin yerə gələn "erməni" mütəxəssisləri də yazının onlara aid olmadığını bildiriblər”.
Şəhərin adının türkcə olduğunu və Basarkeçər adlandığını sovet mənbələri də təsdiq edir. Zaur Əliyev qeyd edir ki, belə mənbələrdən biri Azərbaycan Sovet Ensiklopediyasıdır: “Basarkeçər şəhəri haqqında Sovet Ensiklopediyasının verdiyi məlumatlarda konkret bunlar yazılır:
1. Bura 1969-cu ilə qədər Basarkeçər adlandırılıb.
2. Burada tarixən Azərbaycanlılar yaşayıb.
29 noyabr 1988-ci ildə ermənilərin silahlı hücumları nəticəsində Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı olurlar. Yaşlı, qadın və uşaqların çoxu yolda soyuqdan tələf olur. Əhalinin çoxu 31 regiona paylanır, didərgin düşürlər. Göygöl, Goranboy, Tərtər rayonlarına, Bakıya üz tuturlar. Ölkə başçısı haqlı olaraq da qeyd edir: ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin”.