Ənənə bərpa edildi...
Cənab Prezidentimizin Laçın və Kəlbəcər rayonlarına səfərini başa vuraraq geriyə qayıdanda yol boyu, təpələrin başında ala-göy çadırlarını quraraq, öz mal-qara sürülərini ətrafa yayan soydaşlarımızla salamlaşma səhnəsi xüsusilə diqqət çəkici idi.
Yenə də özünün idarə etdiyi maşının pəncərəsindən hörmətli Mehriban xanımın çəkilişində izlədiyimiz mənzərə soydaşlarımızın öz dövlətinə, Ordusuna və Ali Baş Komandanına güvənərək, ilk fürsətdəcə min illərə söykənən maldarlıq ənənələrini bərpa etməsinə, bu torpağın əsil sahibləri olaraq yenə də ən uca zirvələrdə, dədə-baba yurdlarında yenidən məskən salmasına bariz nümunə idi.
Gözlərimin önündə əcdadlarımızın köç karvanları, yurd və ocaq yerlərimiz, alacıq və cadırlarımız canlandı.
Günəşlə birgə Şərqdən Qərbə doğru tarixi axınlarda dünyanın simasını öz dünyagörüşü, etnik-mədəni ənənələri ilə zənginləşdirən, sülh və ədalət uğrunda qan tökərək, can əsirgəməyən babalarımızı xatırladım. Onların layiqli varisləri kimi bizə miras qoyduqları bu torpaqları şəhid qanları ilə suvararaq geri almağa qadir bir nəsil yetişdirə bilməmizin şərəfini yaşadım. Ulu Öndərin yadigarı, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin öz əlləri ilə qaldırdığı müqəddəs Azərbaycan Bayrağının kölgəsində əminlikdə və güvən içərisində öz həyat və məişətlərini yenidən sürdürməyə başlayan bu soydaşlarımızla qürur duydum.
Bir-birini sevgi, hörmət və məhəbbətlə salamlayan sadə insanlar və onların ali qonağının keçirdiyi hislərə şərik oldum. Yəqin ki, qızmar dağ günəşindən qızarmış yanaqları axşam və səhər ayazından cadar-cadar olmuş uşaqları, fədakar ana bacıların, on illərlə çəkən yurd itkisinin ağrı və acılarının kompleksindən yenicə qurtulmanın doğurduğu ruh yüksəkliyini yaşayan zəhmətkeş ata və igid oğulların yaddaşına bu görüş və salamlaşma əbədi həkk olunacaq. Xoş gəliblər öz yurdlarına - dedi Prezidentimiz!
O qədər ürəkdən, o qədər candan dedi ki, şərik olmamaq, kövrəlməmək, mümkünsüzdür. Öz yurdunda, özünə xoş gəlmisən - demək imkanı yaradan bir Prezidenti, qalib Ordusu və bir yumruqda birləşən Xalqı olmaqdan qürurlanmamaq mümkünsüzdür.