19 Avqust 2021 09:30
3 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Professor Eldar Quliyevlə bu dəfə Bakı kəndlərinin ab-havasından, yaşam tərzindən, adət-ənənələrindən, qəzəlxanlarından, toylarından, yeməklərindən və digər məsələlərdən danışdıq.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, biz öncəki söhbətlərimizdə Bakının tarixindən danışdıq. İstərdik ki, bu dəfə Bakı kəndlərinin adət-ənənəsindən, yaşayışından, gündəlik həyatından bəhs edəsiniz...

- Bakı kəndlərinin mühüm adət-ənənələrindən biri də toy məclisləri ilə bağlıdır. O dövrdə toylar restoranlarda, saraylarda keçirilməzdi. Bakı kəndlərində həyətlərdə toy çadırları qurulardı. Buna “palatka” toyu da deyirdilər. Bakı toylarının hamısı da demək olar ki eyni qaydada təşkil olunardı. Əsas o idi ki, evlənən cütlüklər xoşbəxt olsun. Onu da deyim ki, o vaxtkı toyların nəticəsi indikindən daha yaxşı idi. İndiki toylardan sonra ailələr arasında bir sıra məsələlərə görə mübahisələr yaranır. Bunun da nəticəsində gənc ailələrdə boşanmalar qeydə alınır. O vaxt təsadüfi ailələrdə boşanmalar olardı. Bakı kəndlərində də belə adətlər vardı ki, tanımadıqları ailələrə nə qız verər, nə də qız alardılar. Adətən ağsaqqallar vasitəsi ilə bu məsələlər həll olunardı. Çünki sonradan hansısa bir problem çıxanda həmin ağsaqqalar bu məsələləri yoluna qoyurdu. Beləliklə, sanki gənc ailələr bir növ mühafizə olunurdu.

- Bakının kənd toylarında daha çox hansı təamlar olurdu?

- Toyların 90 faizindən çoxunda demək olar ki, eyni yemək olardı. Küftə-bozbaş Bakı toylarının ən sevimli yeməyi idi. Toy məclisləri daha çox yay aylarına salınar, açıq havada təşkil olunardı. Təbii ki, kişi və qadın məclisləri ayrı olurdu. Kişi məclisləri bir qədər tez başlayardı. Qadınların məclisləri isə bir qədər gec saatlara təsadüf edərdi. Qadın məclislərində ancaq qadınlar olardı. Toylarda yemək məclislərindən əlavə toyxanalar da qurulardı. Toyxanaya getmək məcburi sayılmırdı. Gəlib toyda iştirak edib, 3-5 manat nəmər yazdırıb gedənlər də olurdu. O dövrdə böyük məbləğdə pul yazdırmaq kimi qaydalar da yox idi. Kənd toylarının ən gözəl ənənəsi o idi ki, israfçılığa yol verilməsin. İndiki toylardakı kimi yeməklər süfrədə tökülüb qalmazdı. Beləliklə ev sahibləri də zərərə düşmürdü. Bakı kəndlərinin toylarında əsas maraqlı məqamlar toyxanalarda yaşanardı. Toyxanalarda musiqiçilər, xanəndələr, meyxanaçılar olardı. O vaxt müsiqiçilər toylara iki qayda ilə gəlirdilər. Şərt o idi ki, ya şabaş olacaq, ya da hansısa məbləğə razılaşardılar. Amma musiqiçilər elə də bahalı məbləğə toylara gəlmirdi. Daha çox şabaşa üstünlük verilirdi. Hətta musiqiçilər öncədən öyrənərdilər ki, toy sahibi imkanlıdırsa, demək orada yaxşı şabaş olacaq.

- Toyxanaların, sözsüz ki, qəzəlxanları, meyxanaçıları, xanəndələri olardı...

- Bakı camaatının o zaman toylarda səslənən müsiqilərə, qəzəllərə, meyxanalara xüsusi yanaşması vardı. Çünki qəzəlləri demək olar ki, hamı əzbər bilirdi. Ona görə də toylarda səslənən qəzəlləri diqqətlə dinləyərdilər. Hətta Maştağa, Nardaran, Bilgəh və digər Bakı toylarına təşrif buyuran qəzəlxanlar çalışırdılar ki, qəzəl deyərkən səhvə yol verməsinlər. Çünki qəzəlxan səhv edən kimi yerdən kimsə deyəcəkdi ki, sən orada sözü düzgün demədin və yaxud oxumadın. Nadir hallarda Bakı toylarında kimsə sərxoş olar, dava-dalaş salardı. Bu hal toy sahibinə hörmətsizlik hesab olunurdu. Hətta toyda kimlərinsə sözləri üst-üstə düşməsə belə, sonradan o məsələləri danışıb yoluna qoyurdular. Ən maraqlı məqamlar kişi məclislərinin axırında yaşanardı. Bakı toyları sözsüz ki, meyxanasız ola bilməzdi. Meyxana folklorumuzun bir növüdür.

- Sovet dövründə Bakı toylarında meyxanaların belə qadağan edildiyi deyilir. Bu doğrudur?

- Bəli, sovet vaxtında “çaştuşka”ya icazə verilirdi. Amma meyxanaya qadağalar vardı. Hətta Ağasəlim Çıldaq da deyərdi ki, mən bir yana gedəndə axsam polisə aparırlar ki, gedib toyda meyxana demisən. Hətta toylarda meyxana dediklərinə görə başqalarını da iki-üç gün aparıb polis bölməsində saxlayıblar. .

- Meyxana məclisləri haqqında nə deyə bilərsiniz?

- Meyxanaçılar özlərinə güvənən, bilikli adamlar olur. Bu, xüsusi istedad tələb edən folklor növüdür. Bunu öncədən hazırlaşmaqla etmək qeyri-mümkündür. Bəzən məclislərdə meyxanaçılara qafiyələr yerlərdən verilərdi. İki meyxana deyən arasında əsas məsələ kiminsə üstünlüyü, birinin digərini sözdə bağlamasıdır. Sözü yarıda kəsmək də olmazdı. Meyxanalar ancaq nağara ilə müşayiət olunardı. Uşaqlıqda atam da məni toylara aparardı. Meyxanaçılar da toylara məhz tanınan hörmətli adamlar gələndə onların adlarını çəkərdilər. Həmin adamlar da yaxınlaşıb meyxanaçılara nəmər verərdi.

- Qəzəlxan Əliağa Vahidin Maştağa toylarında iştirakı necə qarşılanırdı?

- Bəli, Əliağa Vahid də toylara gələrdi. O vaxt tanınan meyxanaçılardan olan Hacı Kazım və digərləri ilə meyxana deyərdi. Bəzən də Ə.Vahidin özü xüsusi olaraq dəvət olunardı. Maştağada, Nardaranda, Buzovnada olan məclislərdə Ə.Vahid iştirak edirdi. Hətta xatirimdədir ki, Ə.Vahid Maştağada 7 saylı xəstəxanada yatırdı. Həmin vaxt məclislərin birində atamın dostu görür ki, xanəndə Vahidin qəzəllərini oxuyur. Ona deyir ki, kişinin qəzəllərini deyib pul qazanırsız, amma xəstəxanaya gedib ona baş çəkmirsiniz? Ondan sonra bu söz Bakı kəndlərinə də yayılmışdı. Digər tanınmış qəzəlxanlar da vardı, onlardan Nardaranlı Mayılın, eyni zamanda Ədalətin adını çəkmək olar. Xanəndə Tələt Qasımov Bakı toylarının çoxunda iştirak edirdi.

- O dövrdə Bakı kəndlərində ailələrin gənclərin seçiminə münasibəti necə idi?

- Gənclərin seçiminə qarşı heç bir qadağa yox idi. Nəsli, kökü bəlli olan, bir-birini yaxşı tanıyan ailələrin övladları üçün elçilik olunardı. Amma hər adamın da qapısına getmək də olmurdu. Gənclər arasında səmimi münasibət olandan sonra ailələrin seçimi ancaq xeyir-dua verməkdən ibarət olardı. Bu prinsiplər üzərində qurulan ailələrin də sonu daha yaxşı olurdu. Boşanmalara demək olar ki, az rast gəlinirdi.

- Maştağa və digər kəndlərdə milli bayramımız olan Novruz necə qeyd olunurdu?

- Novruz Azərbaycan xalqının milli bayramıdır. Bu bayram atəşpərəstlikdən bizə miras qalıb. İslama qədər də bu bayram qeyd edilib. İslam dini qəbul olunduqdan sonra da bu bayrama heç bir məhdudiyyət olmayıb. Amma sovet dövründə Novruz bayramını qeyd etməyə icazə vermirdilər. İddia olunurdu ki, bu bayram dini bayramdır. Amma ailələrdə bu bayramlar xüsusi ilə qeyd olunurdu.

- Bayramlarda ən çox hansı məqamları xatırlayırsınız?

- Çərşənbələrə Bakı kəndlərində üsgülər deyirlər. Üsgülər xüsusi ilə qeyd olunardı. Bu, uşaqlar üçün çox maraqlı idi. Biz də uşaq yaşlarımızda məşəllər hazırlayıb onu axşamlar küçələrdə başımızın üzərində fırlada-fırlada gəzdirərdik. Mütləq hər evdə bayram xonçaları hazırlanardı. Onu da deyim sovet hökuməti yumurta döyüşdürməyə belə icazə vermirdi. Novruzun qeyd olunması qadağası olsa da, hamı öz evində bunu keçirirdi. Bayram axşamlarında bişirilən plov bir neçə qapıya paylanardı. Plov paylanan evlərdən də bizə pay gəlirdi. Hətta küçədə tonqal yandırmaq belə qadağan idi. Ancaq öz həyətimizdə tonqal yandırardıq. 1963-cü ildən sonra Novruz bayramına münasibət dəyişdi. Şıxəli Qurbanov Mərkəzi Komitənin katibi seçildikdən sonra Novruz bayramı xüsusilə qeyd olunmağa başlanıldı. Ş.Qurbanaov bu bayramın dini bayram olmadığını, islamla heç bir bağlılığı olmamasını sübut etdi. O vaxt xatirimdədir ki, İran şahı Rza Şah Pəhləvi çoxlu quru meyvələr göndərmişdi. Novruz bayramında onu çox ucuz qiymətə satışa çıxarmışdılar. O dövrdə ilk dəfə də İçərişəhərdə faytonla bahar qızının gəzintisi təşkil edildi. 1969-cu ildən Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra da Novruz bayramı çox geniş şəkildə qeyd olunmağa başladı. Çünki Novruz bayramı Azərbaycan xalqının milli bayramıdır. Bu bayramla bağlı BMT 2012-ci ildə xüsusi qərar qəbul etdi. Həmin qərarda bildirildi ki, bu bayram məhz fəsillərin dəyişməsi ilə əlaqədardır və 21 mart baharın ilk günü sayılır.

- Bayram adətlərindən yadınızda nə qalıb?

- Bayramlarda böyüklərə, yaşlı, tənha insanlara baş çəkmək adətləri vardı. Yadımdadır ki, bayram öncəsi atam bazardan böyük alma və portağallar alardı. Bayramlarda ağsaqqalları, böyükləri ziyarət edib həmin portağalları, almaları pay aparardılar. Nənəmi də ziyarətə gələnlər çoxlu alma, portağal gətirərdi. Bəzən görürdük ki, axşamacan nənəm üçün bir xeyli portağal, alma gəlib. Sonradan nənəm onu bizim üçün doğrayıb yedirərdi.

- Bakının bağları, ənciri, üzümü dillər əzbəridir...

- Bizim Maştağadakı ata evimiz Hunhar məhəlləsindədir. Maştağa torpağı onun qumu o qədər təmiz idi ki, o qumda toz olmurdu. Bakı bağlarının əksəriyyətində ağ şanı, qara şanı üzüm sortları, ənciri adla idi. Atamgilə onun babasından qalan bağı vermişdilər. O vaxt bağ sahələri bölünəndə hamıya 12 sot verildiyi halda atama, əmisi oğluna, hərəsinə 50 sot bağ sahəsi verilmişdi. Bu bağlarda ən çox əncir, üzüm ağacları bitirdi. Atamgilin öz həyətində isə armud, alma, püstə ağacları vardı. Sonra bu ağacların çoxusu qurudu. Deyirdilər ki, guya siz göy-göyərti əkmisiniz soğanın acısı ağacları qurudub. O da inandırıcı deyildi. Ola bilsin şor suya görə bu ağaclar qurudu. Bağa ən çox nənəmlə gedərdim. Evimizlə bağın arası təxminən 5 km olardı. İki qardaşım anamla-atamla qalırdı. Nənəmlə mən bəzən iki ay bağda qalardıq. Bağda da əncirin, üzümün yaxşı vaxtında biz yeyərdik. Bakının hər kəndi öz bağları ilə tanınır. Novxanı, Nardaran, Bilgəh, Goradil, Ləhic, Maştağa və digər kəndlərin bağları öz məhsulları, meyvələri ilə seçilirdi.

- Maştağanın, Bakının kəndlərinin özünəməxsus yeməkləri hansılardır?

- Qutab və düşbərə Bakı kəndlərinin xüsusi yeməkləridir. Eyni zamanda fisincan plov adla idi. Quymaq, halva xüsusi ilə hazırlanardı. O vaxt bişirilən paxlavanın, şəkərburanın dadı başqa idi. Mən ən çox paxlavanın kənarlarını yeyərdim. Çox gözəl Bakı qoğalları hazırlanardı. Qoğal bişirənlər də adı ilə tanınırdı. Molla Ağanın qoğalı öz adı məşhurlaşmışdı.

- Kəndinizin hansı məhəllələrini xatırlayırsınız?

- Maştağada tarixi adlardan başqa el arasında deyilən məhəllə adları da vardı. Çirkab üstü, Naxır bulağı, Ağa meydanı kimi məhəllələr olub.

- Maştağada bəzi bölgələrdə olduğu kimi ayamalar, ləqəblərlə tanınan insanlara rast gəlinirdimi?

- “Sən öləsən” ləqəbli Ağaməli kişi vardı. O orada-burada o qədər “sən öləsən” demişdi ki, adı da belə qalmışdı. Həddi gözləməklə bu cür adlarla zarafatlar edilərdi.

- Bakı həm də özünün şivəsi, ləhcəsi ilə tanınır...

- Bakının özünün şivəsi, ləhcəsi var. Bakı kəndlərinin birində belə bir hadisə olub. Bir gün rəis gəlir bilgəhli Əhmədağadan soruşur ki, bəs əleyqazlar hardadır? Sən bunları kimə paylamısan? Amerikanlar gəlib atom bombası atsa, biz neyniyəcəyik? Əhmədağa cavab verir ki, rəis biabır olacayıq (Gülür). Bir mərdəkanlı hər gün yeyib-içib gəzirmiş. Yolda onu polis saxlayıb deyir, bəs qanunu eşitməmisən? Qorbaçovun təzə əmri var ki, araq içmək olmaz! Mərdəkanlı qayıdıb deyir ki, bəs Andropova nə oldu? (Gülür). Sözsüz ki, bu deyimlər el arasında xüsusi şivə ilə deyildikdə daha maraqlı alınır. Azərbaycanın hər bölgəsinin özünün xüsusi deyimləri, ləhcələri var. Vətənimizi gözəlləşdirən də məhz bu şivələr, ləhcələr və ümumi birliyimizdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər