20 Avqust 2021 17:12
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri ilə bağlı fəaliyyət göstərən qurumların və müəssisələrin nümayəndələri üçün avqustun 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərenerji” ASC, “Azərpoçt” MMC, “Electro Industries”, “Agro Food”, “Azərşəkər”, “Evrascon”, “Azenco”, “Balxurma” və digər şirkətlərin ümumilikdə 40-yaxın əməkdaşı iştirak edib. Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, əksər hallarda partlayıcı qurğular təhlükəli əşyaya bənzəmir. Hər bir oyuncağın, qutunun, hətta siqaret qutusunun, şüşə qabların və digər əşyaların içində də partlayıcı maddələr yerləşdirilə bilər.

Sonda iştirakçılara xəbərdaredici posterlər, broşürlər, sertifikat və Təlimat kitabçaları paylanıb.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurum və müəssisələrin mütəxəssisləri üçün ANAMA-nın “Təlimçilər üçün təlim” (“Train the trainer”) proqramı davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər